Mingəçevir Dövlət Universitetində (MDU) ˝Vətəndaş Cəmiyyətində Debat˝ İctimai Birliyinin (DVC) fəaliyyəti ilə bağlı məlumatlandırıcı görüş keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzində (KİM) keçirilən görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov sosial fəaliyyətlərdə fəal iştirakın gənclərin inkişafında və ixtisaslı kadr kimi yetişməsində üstünlüklərindən söhbət açıb, tələbə gənclərə ictimai birliklər və təşkilatların yaratdığı geniş imkanlardan faydalanmağı tövsiyə edib.
Sonra DVC-nin sədri Ülviyyə Axundova çıxış edərək debatın şəxsin inkişafında və cəmiyyət qarşısında özünü ifadə etməsində effektiv rolundan danışıb, təmsil etdiyi ictimai birliyin fəaliyyəti, hazırda həyata keçirilən və gələcəkdə planlaşdırılan layihələri barədə ətraflı məlumat verib.
Daha sonra görüşdə iştirakçıların sualları cavablandırılıb.