Naxçıvan Dövlət Universitetində (NDU) təhsilin rəqəmsallaşdırılmasının perspektivlərinə həsr olunan konfrans keçirilib.
“Təhsildə inkişaf mərhələləri: Rəqəmsallaşdırma və gələcək perspektivlər” adlı konfransda çıxış edən NDU-nun rektoru Elbrus İsayev qeyd edib ki, tədbir Azərbaycanda ali, orta ixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin tədqiq olunması, təhsil sistemində kurikulum və boloniya təhsil sisteminin tətbiqinin vəziyyəti, dünya informasiya və təhsil məkanına inteqrasiya olunması və digər məsələlərin müzakirəsini nəzərdə tutur. Rektor vurğulayıb ki, elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə və s. kimi təhsilin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet ali təhsil ocağında artıq rəqəmsal mühitin tam formalaşdığını sübut edir. Bildirilib ki, elektron təhsil və multimedia infrastrukturu layihəsi çərçivəsində irəliyə doğru müsbət addımlar atılmaqdadır.
Naxçıvan Müəllimlər İnstitutunun professoru, pedaqogika elmləri doktoru İsmayıl Əliyev qeyd edib ki, təhsil sisteminin əsas məqsədi milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan, inkişaf etdirən, geniş dünyagörüşə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaqdır.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov, Azərbaycan Respublikası Təhsil İnstitutunun professoru İntiqam Cəbrayılov, “Naxçıvan” Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru Nurlana Əliyeva çıxışlarında müasir dövrümüz üçün çox aktual bir məsələnin tədqiqinə həsr olunan konfransı yüksək dəyərləndiriblər. Çıxış edənlər tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına yiyələnmək imkanının yaradılması, informasiya təhlükəsizliyinin təmin olunması, təhsildə yeni təlim texnologiyalarının tətbiqinin səmərəliliyi, təhsilin 5.0 -a keçidinin sürətləndirilməsi, STEAM təhsilin səmərəliliyinin öyrənilməsi məsələləri qeyd olunub.
Konfrans 3 ənənəvi, 2 onlayn olmaqla, 5 bölmədə öz işini davam etdirib. Azərbaycan Respublikası Təhsil İnsitutu, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), ADPU-nun Ağcabədi, Cəlilabad, Şəki filialları, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, “Naxçıvan” Universitetinin əməkdaşları olmaqla, konfransda ümumilikdə 60-dan çox məruzə dinlənilib.