Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “İKT-də qızlar” gününə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masada MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak ediblər.

 

KİM-in mütəxəssisi İlhamə Məmmədova qeyd edib ki, hər il aprelin dördüncü həftəsinin dördüncü gününün dünyada “İKT-də qızlar” günü kimi qeyd edilməsi qızları İKT sahəsinə cəlb etmək və bu sahədə onların rolunun artırılmasına dəstək vermək məqsədi daşıyır.

 

Sonra MDU-nun informasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva və Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq alimi Sinan Toklu məruzələrlə çıxış ediblər. Məruzələrdə cəmiyyət həyatında informasiya texnologiyalarının önəmi və müasir inkişaf istiqamətləri, müasir dövrdə İKT və innovasiya sahəsində qadınların rolu, qızların İKT sahəsində təhsil almaları və karyera yüksəlişi üçün mövcud imkanlar və perspektivlər barədə ətraflı məlumat verilib.

 

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.