Ailədə ana və atanın uşağa münasibəti və davranışları uşağın şəxsiyyətinin formalaşmasına əhəmiyyətli təsir göstərir


Hər yeni doğulan uşaq dünyaya göz açdığı gündən başlayaraq ətraf aləmlə təmasda olur. Uşaqların sosial həyata uyğunlaşması müəyyən mərhələlər şəklində baş tutur. Dünyaya gələn gündən uşaqlara lazımi imkanlar yaradılması onların hərtərəfli inkişafında mühüm rol oynayır. Uşaqların həm fiziki, həm də psixi inkişafı vacib amildir. Uşaqlar əvvəl ailənin, sonra cəmiyyətin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafını, hərəkətlərini, şəxsiyyət kimi formalaşmasını təmin edir. Valideyn münasibəti bu inkişafı sürətləndirir, uşağın gələcək taleyinə birbaşa təsir göstərir. Valideyn münasibəti necə tənzimlənməli, gələcəyə sağlam düşüncəli, özgüvənli, cəmiyyətə yararlı şəxslər yetişdirmək üçün valideynlər nələrə diqqət etməlidir? Bu kimi suallara cavab almaq üçün Quba şəhəri H.Hüseynov adına humanitar fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, Shahdag Quba & Truskavets sanatoriyasının psixoloqu Rəşidə Məhərrəmova ilə söhbətləşdik, bəzi məqamlara aydınlıq gətirdik:

 

- Uşaqların inkişafına, şəxsiyyət kimi formalaşmasına təsir göstərən amillər hansılardır?

- İlk olaraq onu qeyd etmək istəyirəm ki, uşağın şəxsiyyəti doğulduğu gündən başlayaraq formalaşır. Bu prosesə  əvvəlcə ailə, sonra məktəb və ətrafdakı insanlar  təsir göstərir. Şəxsiyyətin əsası ilk 5-6 ildə ailə ocağında qoyulur. Bu səbəbdən də uşağın şəxsiyyətinin formalaşmasında əsas məsuliyyət valideynlərin üzərinə düşür. Uşağın məsuliyyətli, sevgi dolu, digər şəxslərə hörmət etməyi bacaran və s. kimi xüsusiyyətlərlə böyütmək bəzən müəyyən çətinlikləri qət etməklə əldə olunur. Məsuliyyət hissi uşağa hər zaman gərəkli olan, öyrənməsi vacib olan bir hissdir. Valideyn bunun üzərində daha ciddi çalışaraq uşağa bunu aşılaya bilər. Belə ki, bu formalaşmaya aparan ən təsirli sosial mühit ailə mühitidir. Ailədə valideynlərin-ana və atanın uşağa münasibəti və davranışları uşağın şəxsiyyətinin formalaşmasına əhəmiyyətli təsir göstərir. Uşaq valideynləri müşahidə edir, ailə içərisində modelləşdirmə, təqlid etməklə inkişaf edir.  Ata və ananın bir-birinə münasibəti uşağın əqli, psixoloji, mənəvi cəhətdən böyüməsində çox önəmli faktordur.

 

- Valideyn-övlad münasibəti hansı istiqamətlərdə qurulur? Sizcə, ideal ailə modeli hansıdır?

- Uşaqların inkişafında, şəxsiyyətinin formalaşmasında valideynlərin övladlarına olan münasibətləri müxtəlif ailə modellərində özünü göstərir. Demokratik, həddindən artıq himayəçi, avtoritar və laqeyd ailə modelləri vardır ki, valideynlərin fərqli münasibəti uşağın şəxsi inkişafına müxtəlif yollarla təsir edir. Demokratik ailə modelində valideyn övladını sevən, sevgi və hörmət üzərində qurulan, problemləri danışıb məsləhətləşən, həll edən valideyn tipidir. Məhz bu ailədə valideyn övladına qarşı dözümlü olur, övladına hər zaman dəstək olur, bəzi məhdudiyyətlər istisna olmaqla istədiklərini reallaşdırmağa imkan yaradır. Ailədə gərginlik əvəzinə isti münasibət hökm sürür. Uşağa danışmaq, fikirlərini və istəklərini bildirmək hüququ verilir. Ailədə müəyyən qaydalar olur, ancaq bu qaydalar cəza və döyülməklə olan, qorxu və hər hansı psixoloji şiddətin təsiri altında saxlamaqla hökm sürən qaydalar deyil. Könüllü olaraq uşağın istəklərini dinləmək, dinlədikdən sonra valideynin də həmin istəklərə öz münasibətini bildirmək formasında davam edir. Demokratik ailə mühitində tolerantlıq hökm sürür, valideyn də hər zaman uşağını dəstəkləyir, uşağın hiss və düşüncələrinə hörmət edir. Belə bir ailədə böyüyən uşaq cəmiyyətdə də bu davranışı sərgiləyir. Həddindən artıq himayəçi ailə tipində uşağa artıqlaması ilə qoruyucu yanaşma onun özünü idarəedən bir şəxs olmasına mane olur. Belə uşaqlar asılı, özgüvənsiz olur, problemləri özləri həlletmə gücündə olmurlar. Ümumiyyətlə, uşaqlar hər hansı bir fəaliyyət istiqamətində səhv etdikləri, bacarmayacaqları düşüncəsi ilə yaşayır, narahat böyüyürlər. Əslində valideyn düşünür ki, o, övladına hər mövzuda kömək etsə onun daha yaxşı inkişafına şərait yaradar. Təbii  ki, bu, belə deyil. Bəzən psixoterapiya zamanı valideynləri övladlarını müşahidə etmələri üçün dəvət edirəm. Görülən mənzərə o olur ki, uşaq sakitcə kənarda durur, kömək, dəstək gözləyir. Sanki bu, belə də olmalı, müdaxilə olmadan heç bir fəaliyyətlə məşğul olmamalıdır. Təbii ki, buna səbəb ailədə uşağa hər zaman hədsiz himayənin göstərilməsidir.Psixoterapiya zamanı uşaqların özgüvəninin bərpa edilməsi üçün uzun müddət gərəklidir. Lakin avtoritar valideyn münasibətində uşaq daim valideyn nəzarətindədir. Uşaq nəzarət və təzyiq altında böyüyür. Qaydalara əməl etməyən  uşağa  kəskin cəza verməklə münasibət davam etdirilir. Müəyyən yaş mərhələsinə qədər uşaq valideynə tabe olmağı özünə borc bilir. Bu tip ailə münasibətində biz psixoloji və fiziki şiddətin şahidi oluruq. Bu ailədə böyüyən uşağın hiss və düşüncələrinə önəm verilmir. Həddindən artıq valideyn tərəfindən sərt münasibət uşaqları depressiyaya sala bilər. Belə ki, bu ailə mühitində böyüyən uşaqlarda böyük ölçüdə daxili konfliktlər və nevrotik problemlər danılmazdır. Bundan savayı, bu ailələrdə tez-tez istifadə edilən cəza uşağın şəxsiyyətində və psixi vəziyyətində dərin yaralara səbəb olur. Nəticədə cəmiyyətdə qorxaq, özünəqapanan, utancaq şəxslər formalaşır. Laqeyd ailə münasibətində valideyn çox zaman uşağı tək qoyur, ehtiyaclarını yetərincə önəmsəmir və yaxud təkcə maddi cəhətdən uşağın ehtiyaclarını təmin etməklə hər növ ehtiyacını qarşıladığı qənaətinə gəlir. Valideyn zaman ayırıb uşaqla vaxt keçirmir, ünsiyyət yaratmır, bununla da uşaqla valideyn arasında ünsiyyət boşluğu olur, uşaq ailədənkənar öz qərarları ilə böyüyür. Həddən artıq sərbəst mühit uşaqda zərərli vərdişlərə maraq yaradır. Təkcə laqeyd ailə tipində deyil, bəhs etdiyim avtoritar ailə modelində də bu, baş verir, uşaq zərərli alışqanlıqlara meyil salır. Sanki içində yaranan boşluğu bununla doldurur.

 

- Uşağın yaş kateqoriyası baxımından valideyn necə davranış sərgiləməlidir? Hansı yaş qrupları daha həssas olur?

- Ən aşağı yaş kateqoriyası olan 2-3 yaşı nəzərdə tutsaq, bu dövrdə valideyn mümkün qədər uşağa qarşı inadkar olmamalıdır. Körpəlikdən uşaqlığa keçid dövrünün ilk addımı olan məhz bu 2-3 yaşda uşaq psixologiyasında çox önəmli bir yer tutur. Bu dönəmdə uşaq öz enerjisini çölə çıxarmalıdır. Belə ki, bu zamanda uşağa qarşı təzyiqin çox olması onları aqresssiv edir. Valideyn bu dönəmdə böyük səbr sərgiləməli, uşağın hər sualına cavab verməli, daim ünsiyyətə maraq yaratmalı, kitab oxumalı, şəkilli kitablarda uşaqda qaranlıq qalan məqamların açıqlanmasını mütləq verməlidir. 3-4 yaşda uşaq ətrafda baş verənləri tədricən anlamağa başlayır. Ona görə də valideyn bu yaşda olan uşaqla müntəzəm danışmalı və cəmiyyətdə baş verənləri onun anlayacağı formada izah etməlidir. Unutmamalıyıq ki, uşağın nitqi ətraf tərəfdən də anlayışlı olmalıdır. Uşaq bu gün səhv danışırsa, gülüb keçmək olmaz. Söz hansı formada tələffüz olunursa, onun uşaq tərəfindən də düzgün səslənməsinə çalışılmalıdır. Valideyn uşağı öz yaş səviyyəsinə çatdırmaq üçün onu mütləq müxtəlif oyunlar oynamağa, idmanla məşğul olmağa sövq etməlidir. 5-6 yaşda uşaq ətrafda gördüklərini bilmək, anlamaq istəyir. Valideynə müxtəlif suallar verir, valideyn də öz növbəsində ətraflı, aydın şəkildə cavab verməli,suallardan usanmamalıdır. Uşağa həmin yaş dönəmində ünsiyyət, diqqət artmalıdır. Müəyyən sualları valideyn cavabsız qoyanda uşaq psixoloji təzyiqə məruz qalır. 7-8 yaş dönəmində olan uşağın bəzi potensialları, bacarıqları üzə çıxır. Bu yaşda olan uşağı bir mütəxəssisə müraciət etməklə onun bacarıqlarını aşkarlamaq,daha çox nəyə meyilli olması, nə edərkən rahat olması kimi suallara  aydın cavab almaq olar. Nəticə etibari ilə valideyn həmin illərdə övladına dəstək olmalıdır. 9-10 yaş dövründə valideyn daha çox səbrli və anlayışlı olmalıdır. Bu yaşda uşağın psixologiyasında “məni”daha çox inkişaf edir, onun istəklərinin reallaşması, onun dediklərinin olması əsas şərtə çevrilir. Müraciətlərdə bəzən valideynlər bildirir ki, uşaq bizim sözümüzə qulaq asmır. Valideyn 9-10 yaşa qədər uşaqlarını idarə edə bilmirsə, sonrakı dönəmlərdə onlara söz keçirmək daha çətin olur.

 

- Uşaq şəxsiyyətinin formalaşması üçün valideyn nələrə diqqət etməlidir? Valideynin üzərinə hansı öhdəliklər düşür?

- Qeyd etdiyim kimi, uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzedilməzdir. Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtında üzə çıxarılması sahəsində də ciddi nöqsanlara yol verir. Onlar çox zaman uşaqları qabiliyyətli olduğu sahələrə deyil, öz istədikləri, özlərinin olmaq istəyib ola bilmədikləri sahələrə sürükləyirlər. Bu da gələcəkdə onların peşəsinə sevgisi olmayan, sadəcə maddi vəsaitini təmin edə biləcək fəaliyyətlə məşğul olmaları ilə nəticələnir. Eyni zamanda, bəzi hallarda valideynlərin övladlarına tərbiyə və öyrətmə üçün kifayət qədər vaxtı olmur. Uşaqların maraqlarından dolayı formalaşan suallara yarımçıq cavab verilir. Burada tərbiyə dedikdə, davranış və ünsiyyət mədəniyyəti aşılamağı nəzərdə tutulur. Bundan əlavə, son dövrdə uşaqların sorğu vərəqlərinə istinadən bu qənaətə gəlmişəm ki, uşaqlar daha çox əmr formalı cümlələrdən istifadə edirlər. Bu çox vaxt valideynlərdən qaynaqlanır. Yanlış olan cümlələr uşaqda da bəzi davranışlarla nəticələnir. “Yeməyini yeməsən bunu edəcəm!”, “Tez oyunu bitir, biz getməliyik!”, “Kəs səsini, nə qədər ağlayırsan!” cümlələri əvəzinə “Özünü pis hiss etdiyini bilirəm, səni başa düşürəm, sən ağlamağa üstünlük verirsən”, “Yeməyini yesən atan kimi güclü olacaqsan, oyunlarda qalib gələcəksən” doğru olan varianlarla əvəz edə bilərik. Bunlar zamanla uşaqlarda özünəinam hissini müəyyən edir. Özünəinam sayəsində uşaqlar özlərini və edəcəklərinin kəşf edirlər, yalnız başqalarının nələrsə edə biləcəyi düşüncəsindən uzaqlaşır və qərarlarını həyata keçirmək üçün mücadilə edirlər.

 

Cəmiyyətin sağlam şəkildə formalaşıb inkişaf etməsi ailədən başlayır. Aziz Nesinin də dediyi kimi: “Uşaqlara gözəl dünya miras qoymaq yerinə dünyaya gözəl uşaqlar miras qoysaq dünyanın bütün problemlərini həll etmiş olarıq”.

 

Tünzalə QULİYEVA