Akademik Zərifə Əliyevanı tələbələri belə xatırlayırlar


Dünyaya  həm  insanlara nur  bəxş etmək, oftalmologiya sahəsində öz dəst-xətti olan bir alim, gözəl həyat yoldaşı, həm də  qayğıkeş ana olmaq üçün gəlmişdi. Bütün bu missiyaların öhdəsindən layiqincə gələn, tibb sahəsində etdiyi yeniliklərlə, araşdırmaları ilə Azərbaycan elminə  dəyərli töhfələr verən, sözün əsl mənasında, böyük  ALİM, akademik Zərifə xanım Əliyevanın bu gün doğum günüdür.

 

Tanınmış alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi daxil olmuşdur.

 

Ölkəmizdə oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.

 

Görkəmli dövlət və ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı, böyük şəxsiyyət Əziz Əliyevin ailəsində doğulub boya-başa çatan, zəngin dünyagörüşü, yüksək mədəniyyəti məhz bu cür ailədə formalaşan Zərifə xanımın həkimlik peşəsini seçməsi təbii idi. Zərifə xanım gözlərə nur vermək, insanlara həyat eşqini qaytarmaq  arzusunda idi. Və bu istəyinə də nail olaraq neçə-neçə insana sevinc bəxş edib, könüllərdə özünə  taxt qurdu. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi də məhz Zərifə Əliyevanın adı ilə bağlıdır.

 

Bu nəcib əməllər sahibinin elmi fəaliyyəti çox zəngin və hərtərəfli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və tibb elmi üçün qiymətli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikası istiqamətində bir sıra mühüm işlər reallaşdıran, müvafiq tədbirlərin işlənib hazırlanmasının, eyni zamanda keçirilməsinin bilavasitə təşəbbüskarı olan Zərifə xanım  özünün tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə həsr edib.

 

Dəyərli alim keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi adı oftalmologiya elmində  tarixə düşüb.

 

Zərifə Əliyevanın elmi fəaliyyəti qeyd etdiyimiz kimi çoxşaxəli olmuşdur. Tanınmış alimi həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. Onun gənc həkimlərin tərbiyəsi, peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsi və həlli istiqamətində  gördüyü işlər, çəkdiyi əziyyət öz bəhrəsini vermişdir. Çoxsaylı məqalələri, çıxışları, məhz bu məsələyə həsr olunan “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir.

 

Görkəmli akademik  fəaliyyəti boyu həmçinin, böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. Zərifə xanım, eyni zamanda “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.

 

Bir sıra orden və medallarla təltif olunan  dəyərli alim Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

 

Zərifə xanımın gərgin və məhsuldar fəaliyyətində xüsusilə kadr hazırlığı  və həkimlərin ixtisasının təkmilləşdirilməsi önəmli yerlərdən birini tuturdu. Məhz  onun birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Gözəl alim tələbələrinə zəngin həyat təcrübəsi öyrətmiş, onlara qarşı  yüksək həssaslıq  nümayiş etdirərək diqqət və qayğısını əsirgəməmişdir. 

 

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100-cü ildönümündə onun haqqında bir də məhz yetirmələrinin-vaxtilə bu əvəzsiz insanla  yaxından ünsiyyətdə  olmuş respublikanın tanınmış alimlərinin xatirələrini dinləmək istədik.

 

 

“Zərifə xanım mənə söylədi ki, Heydər Əliyev də uğurlarını izləyir”

 

Paşa MUSAYEV (QƏLBİNUR),

Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor

 

- Mənim üçün müəllim valideynlərlə  eyni səviyyədədir. Vaxtilə  mənə dərs demiş gözəl müəllimlərim arasında Zərifə xanım Əliyevanın xüsusi yeri var. Biz ondan təkcə elm yox, həm də etika, insana, xəstəyə, tələbəyə münasibət öyrənmişik. O, böyük hərflərlə yazılan Ana, Azərbaycan xanımı idi. Zərifə xanım görkəmli alim,  həm də  çox peşəkar, qayğıkeş həkim idi. Onun xəstələrinə, tələbələrinə, müəllimlərinə  qarşı münasibəti mənim üçün örnəkdir.

 

Bilirsiniz, Umnisə xanım Musabəyova həm mənim, həm də akademik Zərifə xanımla professor Zəhra Quliyevanın  müəllimi olub. Yadımdadır ki, Umnisə xanımın ayağı sınmışdı, xəstəxanada idi. Mən onda institutun son kursunda oxuyurdum. Umnisə xanımın yanına gedəndə gördüm ki, Zərifə xanımla  Zəhra xanım da  palataya gəliblər. Umnisə xanım həkimlə danışırdı, onlar təxminən 15 dəqiqə şagird kimi ayaq üstə durdular. Biri ölkə rəhbərinin xanımı, o biri Tibb Universitetinin rektoru, SSRİ-nin deputatı idi. Amma ikisi də müəllimlərinin yanında uşaq kimi dayanaraq  tərpənmirdilər. Umnisə xanım söhbətini qurtardı və onlara “əyləşin” deyiləndən sonra oturdular. Kənardan bu prosesi maraqla izləyirdim və bu, mənim heç zaman yaddan çıxarmadığım bir hadisə oldu.

 

Zərifə xanım zamanı qabaqlayan, onun fövqündə dayanan dəyərli  alim idi. Bir neçə istiqamətdə apardığı işlər illər keçəndən sonra daha da aktuallaşır, gərəkli olur, qiyməti daha da artır. Məsələn, gözün peşə xəstəlikləri ilə əlaqədar Sovetlər Birliyində yaradılan ilk sanballı elmi laboratoriya. Onun rəhbərlik etdiyi, böyük ideyaları reallaşdıran bu kollektivin gördüyü işlərin elmi nəticələri bütün dünyada qəbul olunurdu. Onu da xüsusi qeyd edim ki, akademik Zərifə xanım Əliyeva əslində, dünyada bu elmi istiqamətin pioneridir. Heç də təsadüfi deyil ki, o, SSRİ Tibb Elmləri Akademiyasının yüksək M.İ.Averbax adına mükafatına  layiq görülmüşdü. Zərifə Əliyevanın məşğul olduğu elmi istiqamətlərdən biri də iridodiaqnostikaya həsr olunan ilk elmi monoqrafiyanın aparıcı müəlliflərindən olması idi.

 

Zərifə xanım sanki bu günü uzun illər əvvəl görərək  tibbi deontologiyaya aid qiymətli elmi-fəlsəfi əsərlər yazıb mərkəzi mətbuatda çap etdirirdi. 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində isə tanınmış tibb mütəxəssislərinin qeyd etdiyi kimi onun  daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti özünü daha parlaq büruzə verir. Çap etdirdiyi elmi əsər təkcə səhiyyə aləmində deyil, ailə və  məişət əlaqələri də daxil olmaqla, bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.

 

Zərifə xanım Azərbaycan tibb elmində xüsusi çəkisi olan bir alimdir. Azərbaycan tarixində xanım şəxsiyyətlər içərisində onun özünəməxsus yeri var. Alim, ictimai xadim kimi ölkəmizi dünyada çox gözəl təmsil edə bilirdi.

 

Zərifə Əliyeva hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

 

Onu da vurğulayım ki, özünün zəngin tibbi təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə Əliyevanın həkimin xəstə ilə necə davranmasına dair tövsiyələri də əvəzsiz idi. Bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Ona görə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir.

 

Bir dəfə mənə Zərifə xanımın xəstələri necə qəbul etməsini görmək nəsib olmuşdu. Xəstələr üzlərində təbəssüm, müayinə və müalicə təyin edildikdən sonra tezliklə sağalmaq ümidiylə professor Zərifə Əliyevaya olan  inam hissi ilə otağı tərk edirdilər. Bax budur, həkimin qazandığı  sevgi və etibar...

 

Zərifə xanımı tanıdığım üçün hər cəhətdən örnək şəxsiyyət olduğunu deyə bilərəm.  Dəyərli alim Moskvada nəşr olunan o zamankı Sovet İttifaqının ən nüfuzlu oftalmoloji elmi dərgisi “Vestnik oftalmoloqii” jurnalının redaksiya heyətinin üzvü idi. Həmin jurnala Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun  direktoru, akademik M.M.Krasnov baş redaktorluq  edirdi. O dövrlərdə mən bu elm ocağında aspiranturada, sonradan  isə doktoranturada təhsil alırdım. Zərifə xanımla vaxtaşırı adıçəkilən elmi mərkəzdə, müxtəlif elmi toplantılarda, jurnalın redaksiya heyətinin yığıncaqlarına gələndə görüşərdik. Bu qısa görüşlərdə o, çox səmimi olaraq qayğılarımla maraqlanırdı.

 

Zərifə xanım bir dəfə mənə söylədi ki, Heydər Əliyeviç də uğurlarını izləyir, sənin haqqında evimizdə söhbətlər olur. Mən sevinc hissi ilə ona və Heydər Əlirza oğluna təşəkkür etdim. Bir müddət keçdikdən  sonra  Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun təqdimatı ilə elm sahəsində Ümumittifaq Lenin komsomolu mükafatına layiq görüləndə Ulu Öndər  Heydər Əliyev Moskvadan Bakıya zəng edərək məni şəxsən təbrik etdi.

 

Zərifə xanım haqqında bir ana kimi danışanda öz müşahidələrimdən başqa, xatirələri mənə həmişə əziz olan iki gözəl insanın - müəllimlərim professor Zəhra xanım Quliyeva və dosent Ləzifə xanım Əliyevanın ( Ləzifə Əliyeva Zərifə xanımın böyük bacısı idi) sözləri yada düşür. Onlar söyləyirdilər ki, Zərifə xanım övladlarına ülvi məhəbbət bəsləyən bir ana idi. İşdə müxtəlif  kabinetlərdəki telefonlardan (çox nəzərə çarpmasın deyə) ara vermədən zəng edib, evdə qoyub gəldiyi övladlarını  soruşardı. Və bu telefon danışıqlarından yalnız birini dinləyən adam heç vaxt onu unutmaz, bir ananın övladlarına olan sonsuz məhəbbətinin ifadəsini ömrü boyu özüylə gəzdirərdi...

 

Onun həyat yoldaşı - o zamanlar Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyevə olan münasibətindən bir məqamın şahidi olmuşdum. Ləzifə xanımgildə balaca nəvəsi Eminin ad günündə (anam İldız xanımla mən də orada idim) bir gün əvvəl televiziya ilə verilən iclasda Heydər Əliyevin parlaq çıxışından söhbət düşəndə Zərifə xanımın gözlərinin, üzünün ifadəsini heç zaman unutmaram. Bircə onu dedi ki, mən nəfəsimi dərmədən bütün çıxışı dinlədim, heyran olmuşdum.

 

Zərifə xanım yeri gələndə çox incə yumorla danışardı. Yerində olan incə yumorlarından Zəhra xanım, Ləzifə xanım, kafedramızın onunla həmyaşıd olan dosentləri Səkinə xanım, Rəfiqə xanım saatlarla gözəl xatirələr danışardılar.

 

Bilirsiniz, incə, zərif, yerinə düşən yumor yüksək zövq sahiblərinə, geniş dünyagörüşlü əsilzadələrə məxsus əlamətdir və çox təəssüf ki, bu dünyada bütün yaranmışlara nəsib olan xoşbəxtlik deyil. Bu gözəl xüsusiyyət Zərifə xanımın saysız  üstünlüklərindən, taleyin ona bəxş etdyi  vergilərindən biri idi.

 

Akademik Zərifə xanım Əliyeva bir övlad, bir evin, dahi şəxsiyyətin xanımı, bir ana kimi, alim, müəllim, vətəndaş kimi həmişə ucalıqdaydı. Elmi konfranslardan sonrakı toplantılarda və  ya bayramlarda, ad günlərində əksər hallarda  unudulmaz  Gülarə xanım Əliyeva da iştirak edərdi. Hər zaman onun birinci mahnı sifarişi “Anamın anasısan, Azərbaycan” olardı. “Ana” və “Azərbaycan” sözlərini içdən gələn sonsuz sevgi ilə, insanı riqqətə gətirə biləcək şəkildə söyləyərdi.

 

Qürurla qeyd etmək istərdim ki, akademik Zərifə xanım Əliyevanın ardıcılları onun ideyalarını daim yaşadır və uğurla davam etdirirlər. Onun işıqlı xatirəsi bizlərin hər zaman qəlbindədir.

 

 

“Tələbələrə, gənc həkimlərə diqqəti təkcə müəllimlik məharəti yox,  həm də analıq qayğısı idi”

 

Mübariz  ALLAHVERDİYEV,

Azərbaycan Tibb Universitetinin rektorunun müşaviri,  professor, Əməkdar müəllim

 

- 80 illik həyatımın dərkedicilik dövrü boyunca tanıdığım, gördüyüm, yaxın ünsiyyətdə olduğum yüksək mənəviyyata malik nadir insanlar, çoxsaylı sanballı elmi əsərləri ilə dünyada tanınan məşhur alimlər arasında daim anılan, yad edilən, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva xüsusi yer tutur.

 

Bizlər Zərifə Əliyeva məktəbinin yetirmələri kimi özümüzü çox xoşbəxt hesab edirik. Xoşbəxt hesab edirik ona görə ki, hələ gənc yaşlarımızda 60-cı illərdəki tələbəlik dövrümüzdə ilk növbədə akademik Zərifə xanım Əliyevanın şəfqətli həkimlik, peşəkar müəllimlik, pedaqoqluq xüsusiyyətlərini, həmçinin onun genetik kodlarından, ailəsinin və mənsub olduğu millətin millilik və xəlqilik tərbiyəsindən gələn yüksək insani keyfiyyətlərini görmüş, mümkün qədər də bu gözəl xüsusiyyətləri əxz edə bilmək imkanına malik olmuşuq.

 

Zərifə Əliyevanın yaratdığı elmi-pedaqoji və təlim-tərbiyə məktəbi həyat, mənəvi zənginliklərlə dolu insani keyfiyyətlər, elmi və pedaqoji yüksəkliklərin tükənməz, solmaz əlaqələrinin qarşılıqlı vəhdətindən doğan əsl elm və təhsil məbədidir.

 

Həyat bizi Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti)  Göz xəstəlikləri kafedrasında o zamankı nomenklatura ilə desək, tibb elmləri namizədi, həkim-oftalmoloq  dosent Ləzifə xanım Əliyeva ilə rastlaşdırdı. Ləzifə xanım o vaxtlar mənim qrup nümayəndəsi  olduğum qrupumuzun  həmin fənn üzrə təcrübə dərslərini aparırdı. Biz tələbələr ilk gündən onun ünsiyyətinə, gənclərə münasibətinə, göz xəstəliklərinin maraqlı izahına  diqqət yetirərək keçilən dərslərimizin adi praktik gedişini məşğələ çərçivəsindən fərqli yeni elementlərlə zənginləşdirilmiş bir yenilik kimi qəbul edirdik. Dərs keçdiyimiz otaq  həcmcə kiçik sahəli olmaqla yanaşı, həm də günün günorta çağı elektrik lampası ilə işıqlandırılırdı. Lakin Ləzifə xanımın  ilk andan  göstərdiyi xoş münasibəti  tələbələrə  otaq amili çatışmazlıqlarını tamam unutdururdu. O, söhbət əsnasında dərsin ikinci yarısında bizi geniş və işıqlı otaqlardan birinə aparacağını dedi. Qeyd etdi ki, Elmi Tədqiqat  Göz Xəstəlikləri İnstitutunun direktoru kafedra müdirinin icazəsi ilə bundan sonra bütün semestr boyu dərslərimizin ikinci yarısını  Zərifə xanıma məxsus otaqda, onun iştirakı və köməkliyi ilə keçəcəyik. Biz həmin otağın qarşısında çoxsaylı xəstələr görürdük. Ləzifə xanım bizi otaqda xəstəni müayinə edən ağxalatlı, üzündən  nur  yağan bir həkim xanımla tanış etdi. Həmin xanım bizim gələcək həyatımızda önəmli yer tutan  Zərifə Əliyeva idi.  Bildirdi ki,  Zərifə xanımın xəstələri çox olur və  keçdiyimiz məşğələnin nəzəri hissəsindən sonra onun  xəstələri necə müayinə etməyi, göz   xəstəliklərinin diaqnostikası və müalicəsilə bağlı təcrübəsi ilə tanış olmaq imkanı əldə edə biləcəksiniz. Adını ilk dəfə eşitdiyimiz bu dəyərli xanımın bizə göstərdiyi mehribanlığı, səmimiyyəti    dərsin ilk anlarındakı həyəcanımızdan doğan gərginliyi tədricən tam unutdurdu. Sonrakı gəlişlərdə biz onun cəlbedici izahlarına maraqla qulaq asır, hər  sözünü, kəlməsini insana həyat bəxş edən suiçimi, havaudumu kimi qəbul edirdik. Biz hələ birinci kursda olanda ATİ-nin Normal anatomiya kafedrasında dosent  Bikəxanım  Əlizadədə  gördüyümüz  müəllim-tələbə münasibətlərinin ilıq çalarlarını Zərifə xanımla Ləzifə xanımın simasında daha dərin incəliklərlə duyaraq, onlardan özümüzə qarşı sadəcə mehriban bir müəllim münasibətini yox, əsl doğma ana qayğısını hiss edirdik. Zərifə Əliyeva dərslərimizdə bizə aparatda xəstənin görmə orqanının anatomik struktur elementlərinə baxmağımıza, ondan sərbəst istifadə etməyimizə imkan yaradır, bu sahəyə marağımızı  artırırdı. Biz tələbələr, eyni zamanda ondan oftalmologiya sahəsi üzrə yeni-yeni məlumatlar, bilgilər əldə edirdik. Ən maraqlı anlarımız isə çoxlu sayda xəstələrin müalicədən sonra Zərifə xanıma yanaşaraq   ona necə səmimi-qəlbdən təşəkkür etmələrinin şahidinə çevrilməyimiz olurdu. Sonralar öyrəndik ki, Zərifə xanımla Ləzifə xanım eyni ailənin - görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevlə Leyla  xanımın  övladlarıdırlar. Biz  bu iki bacının xasiyyətcə qürurlu və təmkinli olmaları, təvazökarlıqları ilə yanaşı, həlim bir istiqanlılıqla hədsiz dərəcədə bir-birlərinə bənzəmələrinin, dəstək olmalarının şahidiydik.

 

Zərifə xanım daha çox elmi-tədqiqat işləri ilə məşğul olurdu. Bizlər  pedaqoqluğun, müəllim-tələbə münasibətlərinin, həkimlik deontologiyasının sirlərini qəlbimizdə dərin izlər qoymuş Zərifə xanım Əliyevadan əxz etmişik və buna görə özümüzü çox şanslı hesab edirdik.   

 

Yaxşı xatırlayıram,1966-cı ildə ATİ-nin növbəti məzunlarının buraxılış gecəsi keçirilirdi. İnstitutun tədris işləri üzrə prorektoru  Maqsud Əlizadə buraxılış gecəsi ərəfəsində qrup nümayəndələri ilə söhbət apararaq bizi dinlədi. Onların arasından iki nəfərə - mənə və  professor Zakir Əliyevə həmin tədbirdə məzun kimi çıxış etməyi tövsiyə elədi. Mən çıxışımda təhsil illərində bizə bilik verən, doğru  yol göstərən loğmanlara- sevimli müəllimlərimizə  minnətdarlıq hisslərimi ifadə etmişdim. Təbii ki, həmin müəllimlər sırasında ilk olaraq Zərifə xanım və Ləzifə xanım Əliyevaların adlarına istinad edərək tələbələrimiz adından onlara və digər  pedaqoq həkimlərimizə  təşəkkürlərimi bildirmişdim. İndi də qürur hissləri keçirirəm ki, mənə o zaman bir məzun olaraq dünyanın tibb sahəsi üzrə  tanınan  alimləri sırasında özünəməxsus rolu və yeri olan, SSRİ Tibb Elmləri Akademiyasının akademik A.İ.Averbax adına mükafatına layiq görülən, dünyaşöhrətli pedaqoqların ön cərgəsində dayanan, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevaya bizlərə göstərdiyi diqqət və qayğıya, bir həkim kimi cəmiyyətdə layiqli yer tutmağımızda əvəzsiz rolu olduğuna  görə minnətdarlığımı, səmimi fikirlərimi  çatdırmaq müyəssər olmuşdur.

 

Sonralar mən ATİ-nin Normal anatomiya kafedrasının müəllimi oldum və Zərifə xanımın yaradıcılıq yolunu izləməkdə davam etdim.

 

Bilirsiniz, Zərifə Əliyeva dissertasiya işlərini daha tez başa çatdırıb müdafiə edə bilərdi, lakin qarşısına qoyduğu elmi yeniliyi insanlara xeyirli olacaq bir həddə çatdırmayana qədər müdafiə etməyə tələsmirdi. O, yalnız uzun illər tələb edən problemin həllini başa çatdırdıqdan sonra müdafiə etməyə razılıq verirdi. Ona görə də akademik Zərifə  Əliyevanın elmi işlərinin dəyərli nəticələri bu gün də aktual olaraq qalmaqdadır. Dəyərli müəllimimiz elmi fəaliyyəti, apardığı uzunmüddətli uğurlu araşdırmaları, sanballı tədqiqat əsərləri  ilə sübut etdi ki, alim böyüklüyü yüksək zəka və ağır zəhmətin vəhdəti hesabına əldə edilir. Zərifə xanım gözəl pedaqoq idi.

 

Görkəmli ictimai və elm xadimi akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin parlaq nəticələri əsasında qələmə alınan 12 fundamental klassik monoqrafiyasına, çoxsaylı elmi məqalələrinə, digər kitab və tədris vəsaitlərinə hazırda da dünya alimləri tərəfindən geniş miqyasda istinadlar edilməsi, sitatlar gətirilməsi onun alimlik qüdrətinin tükənməzliyinə, elmi nəticələrinin aktuallığının daimiliyinə, müasirliyinə, həmişəyaşarlığına, onun simasında Azərbaycan oftalmologiya elminin beynəlxalq aləmə inteqrasiyasına dəlalət edir.

 

Fikrimcə, bu da Azərbaycanın dünyaşöhrətli aliminin xüsusilə də, dərindən və hərtərəfli tədqiq etdiyi peşə xəstəliklərinin və digər xəstəliklərin təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmdə törətdiyi fəsadların qarşısının vaxtında alınması yollarının elmi istiqamətlərinin, həmçinin əldə olunan elmi nəticələrin bütün dövrlər üçün aktual olmasının tutarlı göstəricilərindəndir.

 

Görkəmli alimin uzun illərin təcrübəsinə, onun özünün daxili aləminin bənzərsiz gözəlliklərinin təcəssümünə, həkimlik deontologiyasının incəliklərinə həsr olunmuş “Yüksək əqidə” kitabı isə bütün həkim və tələbələrin, müəllimlərin  stolüstü kitabıdır. 

 

Akademik Zərifə Əliyeva  insanlarla ünsiyyətində, təlim-tərbiyə ilə bağlı tələbə və müdavimlərə verdiyi tövsiyələrində, xəstələrlə münasibətində nümayiş etdirdiyi həssaslıq və etik norma deontologiyasında hər şey təbii, hər şey göz bülluru kimi təmiz, hər şey büllur bulaqlar kimi saf  idi. Tələbələrə, gənc həkimlərə diqqəti təkcə müəllimlik məharəti yox, həm də ona xas olan mehriban bir analıq münasibəti, qayğısı idi. Bu səmimi münasibəti görən tələbə və həkimlər, sağlamlığına qovuşan xəstələri qəlbən ona daha da yaxınlaşırdı.

 

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı  bir Azərbaycan xanımı, gözəl həkim, qayğıkeş müəllim kimi nəinki onu tanıyan, ünsiyyətdə olan müəllim və tələbələri, eləcə də gözlərinə dünya nuru bəxş etdiyi xəstələri, bütövlükdə Azərbaycan elmi ictimaiyyəti tərəfindən hər zaman xoş xatirələrlə anılan bir şəxsiyyətdir.

 

Bəli, Zərifə xanım Əliyeva Allahın ona bəxş etdiyi  ömür payını mənalı yaşayaraq zəngin mənəviyyata sahib əsl ziyalı, böyük alim kimi çoxşaxəli fəaliyyəti ilə ölkəmizdə tibbin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Bütün bunların fövqündə isə onun əsl Azərbaycan xanımına xas nəcib keyfiyyətləri durur. O, dahi şəxsiyyət Heydər Əliyevin həyat yoldaşı idi və Azərbaycan xalqına  ata vəsiyyətini layiqincə yerinə yetirən, Prezident İlham Əliyev kimi güclü lider bəxş edən ANADIR.

 

Ana-övlad sevgisinin, ana qayğısının ən gözəl parlaq nümunəsini  isə  bizcə, musiqinin dili ilə elə qızı Sevil xanım Əliyeva bəstələdiyi, ürəkləri riqqətə gətirən məşhur “Ana” mahnısı ilə çatdırıb:

 

Ana, səsin aydın səhər ola,

Ana, qəlbin keşik çəkər bizə.

Yolum üstə uzaq səfər ola,

İşıq dolar nurdan düşən gözə.

Mənim görən gözüm sənsən, ana,

Ömrüm, günüm, özüm sənsən, ana

Laylay dedin ana, laylay dedin mənə,

Həyat verdin mənə, əziz ana.

Laylan hələ yaşar, laylan ellər aşar,

Günəş kimi yana yana, ana...

 

Samirə KƏRİMOVA