Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri saymaqla bitməyən, çoxsaylı əhəmiyyətli işlərlə zəngindir. Belə xidmətlərdən biri də 1978-ci ilin 27 aprelində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması ilə bağlıdır. Heydər Əliyev həmin vaxtlar sovet Azərbaycanına rəhbərlik edirdi və o zamankı dövr üçün bu,olduqca cəsarətli bir addım idi. Nəyə görə?
Çünki SSRİ-nin idarəçilik prinsiplərində ittifaqa üzv respublikaların müstəqil iradəsi ola bilməzdi. SSRİ-nin tərkibindəki ölkələrin milli dillərinin sıxışdırılması prosesi güclü şəkildə gedirdi. Milli dil məsələsini gündəmə gətirməyin cəzası ağır verilirdi- hətta Sibirə sürgünə qədər! Bu səbəbdən ittifaq ölkələrinin rəhbərləri susmağı üstün tuturdu. Lakin böyük siyasi şəxsiyyət Heydər Əliyev bu yolla getmədi; ana dili məsələsində son dərəcə qətiyyətli mövqe ortaya qoydu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”!!!
Beləliklə, ana dilini qorumaq, bu yolda ardıcıl təəssübkeşlik, aparılan mübarizə nəticəsində Konstitusiyada Azərbaycan dilinə dövlət dili statusu verildi; gələcək müstəqil dövlətçiliyin rəmzlərindən birinə sahib çıxıldı və ana dilinin fədaisi olan Heydər Əliyevin xalq qarşısında bu xidməti tarixin səhifələrinə iri hərflərlə yazıldı.
Hər zaman ana dilinin fəal təbliğatçısı kimi çıxış edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ikinci dönəmdə də milli dil məsələsinə həssas yanaşdı. 1995-ci il Konstitusiyası qəbul ediləndə də bu mövqeyi sabit qaldı, üstəlik, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Həmin fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bu ardıcıl addımlar müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunması ilə bağlı siyasətini sonralar imzaladığı digər fərmanlarla, qanunlarla daha da möhkəmlətdi. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman ana dilinə sevginin bariz ifadəsi oldu; “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu isə milli dilimizin dövlət dili kimi statusunu nizamladı.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin zəngin bioqrafiyasını izləyərkən, onun saysız-hesabsız qiymətli sitatları ilə rastlaşmaq mümkündür və bu sitatlar içərisində ana dili ilə bağlı aforizmlər, maraqlı mövqelər xüsusilə üstünlük təşkil edir.
Onların bir neçəsini yenidən yada salaq:
- Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.
- Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.
- Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.
- Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.
- Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik.
- Bizim Azərbaycan dili şeir dilidir.
- Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan...
Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev öz ana dilinə aşıq, onun alovlu təbliğatçısı, onu qoruyan, inkişafı üçün əlindən gələn hər işi görməyə hazır bir Azərbaycan fədaisi olub. Ulu Öndərin ana dilinin yaşaması üçün ortaya qoyduğu cəsarət, bu yolda verilən qərarlar, imzalanan sənədlər, deyilən gözəl kəlmələr müstəqil Azərbaycan xalqına edilən gərəkli xidmət, böyük şəxsiyyətin adını qəlblərə yazdıran iradənin təntənəsidir.
“Azərbaycan müəllimi”