Narkomaniyanın insan sağlamlığına mənfi fəsadları ilə bağlı maarifləndirici məşğələ
Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin psixoloqu Cəmilə İsbəndiyarovanın təşkilatçılığı ilə orta məktəbin yuxarı sinif şagirdləri arasında gənc nəslin sağlam həyat tərzi, pis vərdişlərdən qorunması, narkotik maddələrin mənfi fəsadları ilə bağlı maarifləndirici məşğələ keçirilib.
Rayon polis idarəsinin əməkdaşlarının, orta məktəbin yuxarı siniflərinin şagirdlərinin, eləcə də müəllim və valideynlərin iştirakı ilə keçirilən məşğələdə narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən olduğu diqqətə çatdırılıb.
Tədbirdə yeniyetməlik dövrünə qədəm qoymuş yuxarı sinif şagirdlərinə “ağ ölüm”ün insan həyatını necə məhv etməsi haqqında geniş məlumatlar verilib, tütün məmulatlarına, siqaretə, elektron siqaretə, qəlyana alışmağın mənfi bir vərdiş olması və ömürboyu insanın sağlamlığında sağalmaz fəsadlar yaratması real faktlarla çatdırılıb.
Çıxışlarda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan bəhs edilərək, dövlətimizin bu sahədə apardığı davamlı işlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Qeyd olunub ki, adıçəkilən Proqramdan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyləri nəticəsində hazırlanmış “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait”, eyni zamanda digər müvafiq sənədlərdə öz əksini tapan tövsiyələrə uyğun olaraq, məktəbimizdə uyuşdurucu vasitələr, narkotikə qarşı maarifləndirici təbliğat tədbirləri davamlı şəkildə aparılır.
Tədbirdə tanınmış şəxslərin narkotiklərin fəsadları ilə çağırışlarını əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra məşğələ iştirakçılarına narkotik, ondan asılılıq nədir, törətdiyi fəsadlar barədə ətraflı məlumatlar verilib, bu məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə daha sonra məktəbin direktoru Nemət Həsənov, polis əməkdaşları, valideynlər mövzuyla bağlı fikirlərini bölüşüblər, narkomaniyaya qarşı ictimai mübarizənin vacibliyini vurğulayıblar.
Sağlamlığımızı qoruyaq - narkomaniyaya yox deyək!
Cəmilə İSBƏNDİYAROVA,
Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin psixoloqu, filologiya üzrə fəlsəfə doktoru