Aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıq və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-türk torpaqları olan Zəngəzur həqiqətləri” adlı konfrans keçirilib. Konfrans 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilib. 

 

Tədbiri giriş nitqi ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun aktuallığından danışıb. Kamran İmanov çıxışında həmçinin əqli mülkiyyət məsələlərinə toxunub. Qeyd edib ki, ümummilli liderin uzaqgörənliyi nəticəsində yaradılan milli əqli mülkiyyət sistemi ölkə Prezidenti cənab İlham Əliyevin səyləri və dəstəyi nəticəsində uğurla inkişaf edir. 

 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Fuad Axundov, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan Nuri Aksu çıxış ediblər. 

 

Çıxışlarda erməni yalan və saxtakarlıqlarının ifşa edilməsində Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti xüsusilə vurğulanıb, konfransın mövzusunun aktuallığı qeyd edilib, eləcə də tədbirin elmi platforma olduğu diqqətə çatdırılıb. 

 

Konfrans çərçivəsində həmçinin erməni saxtakarlığını ifşa edən “Tarixin izi ilə” silsiləsindən “Keçmişin böyük yalanları: Armeniya və Hayastan” televiziya filmi nümayiş etdirilib. 

 

Konfransda professor Kamran İmanov və Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun mövzu ilə bağlı məruzələri də dinlənilib.