Gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 18 Aprel- Beynəlxalq Abidələr və Tarixi yerlər Gününə həsr olunmuş “Azərbaycanın memarlıq irsinin qorunması və istifadəsi problemləri” adlı gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.

 

Konfransda universitetin memarlıq fakültəsinin professor-müəllim heyəti, doktorant və dissertantlar iştirak ediblər.

 

Konfrasın açılışında çıxış edən fakültənin dekanı professor Zahidə Məmmədova bildirib ki, insanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Belə bir vəziyyətdə ölkəmizdəki memarlıq abidələrinin qorunması bizim vətəndaşlıq borcumuzdur. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

 

Daha sonra konfransda doktorant və dissertantlar təqdimatla çıxış ediblər.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı dissertant Fatma Səmədova “Gədəbəydən Qərbi Azərbaycana uzanan qalalar” adlı çıxışında Gədəbəy ərazisində yerləşən Koroğlu, Urud, Oxçu, Alagöz, Namərd qalalarıyla bağlı apardığı araşdırma və tədqiqat işlərindən bəhs edib.                                   

 

Qrafik və media dizaynı kafedrasının dissertantı Firuzə Bədəlova “Tarixi mühitdə vizual kommunikasıyanın təkamülü” adlı çıxışında memarlıq mühitinin tərkib hissəsi olan və müasir zaman çərçivəsində vacib funksiya daşıyan məsələlərdən birinin iri şəhərlərdə informasiya vasitələrinin öyrənilməsi olduğunu, bu sahədə apardığı tədqiqatın nəticələrindən danışıb.

 

Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının doktorantı Nigar Abdullayeva “Heydər Əliyevin Azərbaycan memarlıq irsinin qorunmasında rolu” adlı çıxışında Ümummilli Liderin memarlıq irsinin qorunub saxlanmasına, bərpasına böyük önəm verdiyini vurğulayıb.

 

Konfransın sonunda məruzələrlə bağlı suallar cavablandırılıb.