Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarından ibarət Spartakiadanın açılışı olub.
Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın tabeliyində olan elmi müəssisə və təşkilatların baş direktorları, eləcə də futbol, stolüstü tennis, şahmat komandaları və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən akademik İ.Həbibbəyli bildirib ki, AMEA-da ənənəvi olaraq keçirilən Spartakiadanın builki yarışları Ümummilli Lider, görkəmli dövlət xadim Heydər Əliyevin 100 illiyinə həsr edilib. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə, o cümlədən Akademiyada genişmiqyaslı tədbirlərin, konfransların keçirildiyini, kitabların, monoqrafiyaların işıq üzü gördüyünü deyən akademik mayın 1-də 8 ölkənin Akademiyasının rəhbərliyinin iştirakı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasının keçiriləcəyini diqqətə çatdırıb.
AMEA rəhbəri vurğulayıb ki, Ümummilli Liderə həsr edilmiş tədbirlər içərisində idman yarışları da xüsusi əhəmiyyət daşıyır:”Ulu Öndər Heydər Əliyev Azərbaycan idmançılarının dünya idman arenasında öz layiqli yerini tutması, Olimpiya hərəkatında aktiv iştirak etmələri istiqamətində misilsiz xidmətlər göstərib”.
AMEA prezidenti qeyd edib ki, bu günlərdə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması və idmançılarımıza qarşı göstərilən xoşagəlməz hal Ermənistanın təcavüzkar, terrorçu və faşist dövlət olduğunun sübutudur: “Bakıda keçirilən Avropa oyunlarında isə erməni idmançıların təhlükəsizliyi tam təmin olunmuşdu və yer tutan erməni idmançılara medalları Azərbaycan Prezidenti şəxsən təqdim etmişdi. Bu, İlham Əliyev ucalığı, Azərbaycan dövlətinin, rəhbərliyinin tolerantlığının nümunəsi idi. Ermənistandakı hadisə isə insanlıqdan uzaq bir hərəkətdir və bunu qətiyyətlə pisləyirik”.
AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov isə bildirib ki, hər il Akademiyada Ulu Öndərə həsr olunmuş institutlararası futbol çempionatı keçirilir, 2 ildən bir isə Spartakiada yarışları baş tutur. O qeyd edib ki, builki Spartakiadanın “Heydər Əliyev İli”nə təsadüf etməsi şərəfli və qürurverici haldır. H.Qurbanov futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarına, ümumilikdə 15 müəssisənin qatıldığını diqqətə çatdırıb.
Daha sonra Geologiya və Geofizika İnstitutunun və Yüksək Texnologiyalar Parkının futbol komandalarının oyunu ilə Spartakiadaya start verilib.