Naxçıvan Dövlət Universitetində yeni yaradılan “BMT Modeli klubu”nun ilk simulyasiya konfransı keçirilib.
Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında müvafiq ixtisaslar üçün simulyasiyaların təşkilinin davamlı xarakter aldığını bildirib. Rektor bu kimi simulyasiyaların keçirilməsinin tələbələr üçün əhəmiyyətli olduğuna, onların bacarıqlarının formalaşması və gələcək karyeralarındakı önəminə diqqət çəkib.
Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov “BMT Simulyasiyası” layihəsi haqqında məlumat verərək diqqətə çatdırıb ki, layihədə iştirak etmək üçün 30 tələbə qeydiyyatdan keçib. Mövzu ilə bağlı biliklər müsahibə yolu yoxlanıldıqdan sonra 15 iştirakçı simulyasiyada çıxış etmək hüququ qazanıb.
AZMUN – BMT Modeli klubları şəbəkəsi proqramının rəhbəri Leyla Məmmədzadə öz çıxışında bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı üzrə tədbirlər planına əsasən keçirilən təqdimat BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinə həsr olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təsdiqlənən Dövlət Proqramını əsas tutaraq, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin tərəfdaşlığı ilə "AzMUN - ölkəmizdə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi" proqramını icra edir.
Daha sonra simulyasiyaya start verilib. İştirakçılar Avropa, Asiya, Amerika kimi müxtəlif qitə ölkələrini təmsil edərək BMT-nin İnsan Hüquqları Şurasında ingilis dilində “Dinə və ya inanca görə insanlara qarşı dözümsüzlük və ayrı-seçkiliklə mübarizə” mövzusu üzrə müzakirələr və debatlar aparıb, problemə həll yolları təklif edərək qətnamə hazırlayıb və səsvermə keçiriblər.
Sonda simulyasiyada ABŞ-ı təmsil edən “Beynəlxalq münasibətlər” ixtisası üzrə IV kurs tələbəsi Fatimə Sultanovaya “Fəal nümayəndə”, Fransanı təmsil edən “Mühasibat uçotu və audit” ixtisası üzrə IV kurs tələbəsi Mircəfər Seyidova “Ən yaxşı natiq”, “Tərcümə” (ingilis-azərbaycan) ixtisası üzrə I kurs tələbəsi Fərid İbrahimova “Ən yaxşı nümayəndə” nominasiyaları üzrə diplomlar təqdim edilib.