SDU-da onlayn formatda beynəlxalq elmi konfrans keçirilib


Sumqayıt Dövlət Universitetində (SDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilən “Azərbaycanda dövlət müstəqilliyinin bərpası və ölkənin siyasi, sosial-iqtisadi, mədəni inkişafı” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirilib.

        

Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya, Estoniya, Ukrayna, Almaniya və Qazaxıstanın aparıcı universitetlərinin  alimləri iştirak ediblər.

        

SDU-nun prorektoru  professor Ramazan Məmmədov qonaqları və iştirakçıları salamlayaraq qeyd edib ki, konfransa dünyanın 7 ölkəsindən  182 məruzə daxil olub.

 

Professor R.Məmmədov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyinin qorunması və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Bildirib ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün oldu:”…Xalqımız öz dahi rəhbərinin ətrafında sıx birləşməklə möhkəm iradə nümayiş etdirdi və bütün sınaqlardan üzüağ çıxmağı bacardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir”.

 

Sonra tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarıdır” mövzusunda geniş məruzə edib. O, Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzu günü-gündən artan dövlətə çevrildiyini, yeni iqtisadi uğurlara imza atdığını qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.

 

        

Sonra Türkiyənin Bülent Ecevit Universitetinin professoru Nurettin Hatunoğlu “Türk Dünyası kontekstində Azərbaycanın önəmi”, Qazaxıstan Milli İncəsənət Akademiyasının professoru, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Mendıqanım Şaymerdenova “Heydər Əliyevin hakimiyyəti dövründə Qazaxıstan və Azərbaycan arasında tarixi və mədəni əməkdaşlıq”, SDU-nun tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyev və Azərbaycan neft strategiyasının tarixi” mövzularında geniş məruzə ilə çıxış ediblər. Məruzəçilər görkəmli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyətindən danışaraq bildiriblər ki, Ulu Öndər Heydər Əliyev ölkə iqtisadiyyatını dirçəldib, Azərbaycanı tənəzzül etmiş ölkədən inkişaf edən ölkəyə çevirib, respublikanın inkişafına hesablanmış neçə-neçə iri layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoyub.

        

Qeyd edək ki, konfrans öz işini 3 bölmə üzrə iki gün davam etdirib.