Uşaqların potensial imkanlarının inkişafı dövrü erkən uşaqlıq dövründən başlayır. Erkən yaş dövrü uşaq şəxsiyyətinin inkişafında xüsusi bir mərhələdir. Bu dövrdən uşaq şəxsiyyətinin inkişafının, potensial imkanlarının, istedad və qabiliyyətlərinin əsası qoyulur. Erkən yaş dövründə öyrənilən hər bir bacarıq və vərdiş onun məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərir. Bu səbəbdən uşaqların məktəbəqədər təhsili sonrakı davranış formalarına və inkişafına təməl sayıla bilər.

 

“Bəzən valideynlər uşaqlarının davamlı inkişafına daha çox məktəbə gedən dönəmdə diqqət yetirməyə başlayırlar. Uşaqların məktəbə adaptasiya dövrü, dərslərini yaxşı mənimsəməsi, qavraması ilə məhz bu dönəmdən sonra məşğul olurlar. Ancaq bu, düzgün yanaşma deyil. Uşaqlarda bu xüsusiyyətləri daha erkən yaşdan formalaşdırmaq lazımdır”.

 

Bu fikri “Məktəblinin dostu” layihəsinin Psixoloji Mərkəzinin psixoloqu Nərmin Abbasova “Azərbaycan müəllimi” qəzetinə uşaqların davamlı inkişafına yönəlmiş məsələlərdən danışarkən söyləyib.

 

Psixoloq deyir ki, uşaqların pedaqoji mühitə daha aktiv, məsuliyyətli və bacarıqlı yanaşması üçün biz onlarda daha kiçik yaşlardan müəyyən xüsusiyyətləri formalaşdırmalıyıq: “Bəllidir ki, uşaqlarda hər bir yaş dövrünün müəyyən bacarıqları olur. Valideyn bu bacarıqların uşaqlar üzərində inkişafına xüsusi  diqqət etməlidir. Məsələn, 2-3 yaşlı uşaqlarda kritik düşüncə formalaşır, onlar öz yaşlarına uyğun fəaliyyətlə məşğul olmalıdırlar. Bu yaşda uşaqlara valideyn özünə qulluq bacarıqları aşılamalı, nitqinin inkişafına diqqət yetirməlidir. 4 yaşından artıq uşaqların düşüncə tərzi genişlənir və onlar əşyalara toxunmadan şifahi şəkildə öz fikirlərini bildirməlidirlər. 5 yaşından isə uşaqlarda diqqətin konsentrasiyası, müəyyən bir obyektə və ya fəaliyyətə diqqətini yönləndirmə bacarığı formalaşmalıdır. Belə ki, bu xüsusiyyətləri valideyn oyun əsnasında formalaşdırmağa diqqət etməlidir. Məktəbəqədər dövrdə uşaqların əsas aparıcı fəaliyyət növü oyunlar olmalıdır”.

 

Psixoloq valideynlərə hər bir yaş dövrünə uyğun oyunlara diqqət yetirməyi tövsiyə edir: “ Oyunlar uşaqları inkişaf etdirən, formalaşdıran, həyata hazırlayan çox vacib bir vasitədir. Valideyn oyun zamanı onların fəaliyyət növünə uyğun olaraq maraq dairəsini genişləndirməyə çalışmalı, fərqli oyunlar vasitəsi ilə yeni biliklər qazanmasına şərait yaratmalıdır. Ən vacib məqamlardan biri  isə oyun zamanı uşaqların maraqlarının nəzərə alınmasıdır. Məsələn, bəzi uşaqların incəsənətə- plastilin, qum, gil vasitəsi ilə müxtəlif fiqurlar düzəltməyə, bəzilərinin rollu oyunlara, bəzilərinin isə riyazi-hesab oyunlarına marağı olmuş ola bilər”.

 

Psixoloq qeyd edir ki, erkən yaşda olan uşaqları fəaliyyətə yönləndirən, yeni biliklər aşılayan  zaman klassik bir deyim var:  “Uşağı uşaqlığından ayırmaq lazım deyil”. Bəli, erkən yaşdan uşaqları həddindən artıq hazırlıqlarla yükləmək olmaz; məktəbə getməyən uşağa hərf və rəqəmləri, kitab oxumağı, yazmağı öyrədən zaman məcburiyyət olmamalıdır. Buna görə də uşaqlara oyun əsnasında yeni biliklər qazanmasına şərait yaradılmalıdır. Burada əsas məqsəd əzbərləmək deyil, onların araşdırmaçı olmaq bacarığını inkişaf etdirməkdir. Oyun zamanı təlim onun intellektual inkişafına, düşüncə və qavrayışına, araşdırmaçı qabiliyyətinə, eləcə də nitqinin, təxəyyülünün  inkişafına təkan vermiş olur. Valideyn oyun zamanı elə bir şərait yaratmalıdır ki, uşaq çoxlu suallar versin. Çünki suallar verdiyi zaman onun düşüncəsində analiz və sintez etmə funksiyaları formalaşır”.

 

Məktəbəqədər dönəmlərdə uşaqlarda diqqətin saxlanılması konsentrasiyası qeyri-ixtiyari olur. Buna görə oyun müddətində dəyişim olmasının vacibliyini qeyd edən  psixoloq N.Abbasova bildirir ki, zehni fəaliyyətlə fiziki fəaliyyət qarşılıqlı şəkildə aparılsa, daha yaxşı nəticə əldə etmək olar. O, həmçinin qeyd edir ki, məktəbə gədənə qədər uşaqlarda diqqətin gücləndirilməsi üçün oyunlar oynamaq irəli yaşlarda  diqqətin saxlanılması, bir obyektə və ya fəaliyyətə yönlənməsinə daha yaxşı kömək etmiş olur:

 

-Oyun fiziki, sosial, intellektual, psixoloji və emosional tərəfdən uşağa təsir edir və şəxsiyyətin formalaşmasında əsaslı yer tutur. Uşaqların davamlı inkişafında süjet – rollu oyunlar da xüsusi əhəmiyyət daşıyır. Belə ki, rollu oyunlar uşaqların sosial qaydaları mənimsəməsinə, komanda ilə işləməsinə, eləcə də uşaq təxəyyülünün inkişafına mühüm təsir göstərir.

Oyun bir növ uşağın həyat məktəbi hesab olunur. Maksim Qorki məhz bunu nəzərə alaraq oyunu uşağın yaşadığı və gələcəkdə dəyişdirməli olduğu dünyanı dərketmə yolu adlandırır.

 

Oyun kimi bədii fəaliyyət də məktəbəqədər yaşlı uşaqlar üçün tipik, səciyyəvi fəaliyyətdir. Bu yaşda uşaqlar böyük həvəslə rəsm çəkir, plastilindən müxtəlif fiqurlar hazırlayır, aplikasiya ilə məşğul olur, nağıla qulaq asır, mahnı oxuyur, rəqs edir, şeir söyləyir və s. Bədii fəaliyyət bütün məktəbəqədər yaş dövrü müddətində inkişaf edir və həmin dövrün axırında daha fəal xarakter alır. Uşaqlarda yaradıcılıq onun istedadından, bilik və bacarığından asılı olsa da, bədii yaradıcılığın müvəffəqiyyətlə formalaşması pedaqoqun uşağın fəaliyyətini mütəşəkkil, məqsədəuyğun, savadlı şəkildə təşkil etməsindən də çox asılıdır.

 

Buna görə də pedaqoq uşağın bədii fəaliyyətini müşahidə etməyi bacarmalı, uşaqda inkişaf səviyyəsini müəyyənləşdirməli, onların qrup halında və ya fərdi şəkildə bədii yaradıcılığının gələcək inkişafını planlaşdırmalı, bədii fəaliyyətini təşkil etməli, bu işə onları sövq etməli, yaradıcılıq metodlarını dəqiqləşdirməlidir. Həmçinin, onların yaradıcı işini qiymətləndirməli, uşaqda yaradıcılıq əhval-ruhiyyəsini yüksəltməyi bacarmalıdır.

 

Beləliklə, uşaqların davamlı inkişafı, pedaqoji mühitə uyğunlaşması valideyn və pedaqoqun erkən yaşlardan uşaqlarla birgə işləməsindən və məsuliyyətindən çox asılıdır.

 

Nəzrin SEYİDƏLİYEVA