Ulu Öndər Heydər Əliyevin 100 illik yübileyinə həsr olunan silsilə tədbirlərdən biri də bu günlərdə İsmayıllı rayonunda keçirilib. “Sən elə bir zirvəsən” adlı tədbir Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Mərkəzin direktoru Lətifə Əliyeva çıxışında Ümummilli Lider Heydər Əliyevin ömür yolundan və siyasi fəaliyyətindən bəhs edib, dünya şöhrətli siyasətçinin Azərbaycan tarixinin şərəf səlnaməsini yazdığını söyləyib.
Sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin rayon sakinləri ilə görüşlərindən şirin xatirələri yada salıblar. Şəhid anası Zenfira Zeynalova və rayonun ictimai həyatında daim fəallıq nümayiş etdirən ismayıllılar Ulu Öndərlə bağlı fikirlərini bölüşüblər .
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov Azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin siyasi fəaliyyəti barədə maraqlı çıxış ediblər.
Sifai SƏFƏROVA