Universitetdə xarici tələbələrlə görüş keıirilib


Gəncə Dövlət Universitetində təhsil alan xarici tələbələrlə görüş keçirilib. Görüşdə universitetin rektoru, professor Yusif  Yusibov tolerant və multikultural ənənələri ilə  seçilən ölkəmizdə, həmçinin Gənə şəhərində əcnəbi tələblər üçün yaradılan şəraitdən söz açıb. Rektor multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasının əsaslarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ötən tədris ilində Gəncə Dövlət Universitetində müxtəlif  ölkələrdən 38 nəfər əcnəbi tələbənin təhsil almasını peşəkar mütəxəssis hazırlanması istiqamətində aparılan düzgün təbliğat kimi dəyərləndirib.

 

Bu il 18 nəfər əcnəbi tələbənin GDU-da təhsil almaq üçün müraciət etdiyini deyən rektor qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilib. Məhz həmin qərara əsasən Gəncə Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr öz təhsillərini təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqaviləyə əsasən davam etdirəcəklər.

 

Ali təhsil müəssisəsinin keçdiyi tarixi inkişaf yolu, son illər elm və təhsil sahəsində qazanılan uğurları, çoxsaylı beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələri haqqında ətraflı məlumat verən rektor universitetdə  tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanaraq onlara  uğurlar diləyib.

 

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı  Pərvin Kərimzadə əcnəbi tələbələrə universitet seçimində yanılmadıqlarını qeyd edərək, düzgün istiqamətdə irəliləməkdə onlara daim yardımçı olacaqlarını vurğulayıb.

 

Əcnəbi tələbələr universitetdə onların təhsil almaları üçün yaradılmış hərtərəfli şəraitə görə universitetin rektoru Yusif Yusibova, professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.