İmişlidə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və peşə təhsili” adlı tədbir keçirilib.

 

İmişli Rayon Təhsil Sektorundan  redaksiyamıza daxil olan məlumata görə, tədbirdə YAP İmişli rayon təşkilatının nümayəndələri, İmişli Peşə məktəbinin  kollektivi və təhsil işçiləri  iştirak ediblər.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Peşə ərazi partiya təşkilatının sədri Qalib Mirzəyev bildirib ki, uzun tarixə malik olan peşə təhsili Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə diqqətçəkən məqamlardan biri də respublikamızda milli kadrların yetişdirilməsi ilə bağlı mühüm işlər olub.

 

Sonra YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə baza müəssisələrinin qabaqcıl mühəndis-texniki mütəxəssisləri peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi, istehsalat təlimi ustaları və rəhbər işçi kimi irəli çəkilib. Müəssisə və təşkilatlarda istifadə olunan yeni texnoloji avadanlıqlar, maşın və mexanizmlərin peşə təhsili müəssisələrinə ödənişsiz verilməsi təşkil olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı “Peşə təhsili” haqqında Qanun bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlardan biri olub.

 

Daha sonra digər çıxış edənlər bildiriblər ki, Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan, xilaskarlıq, sabitlik və inkişaf missiyasını uğurla həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycan dövlət müstəqilliyinin banisidir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə  bu gün Azərbaycan Qafqazda lider ölkədir.

 

Şakir CƏFƏROV