Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin1-ci kurs, 162 a3 dizayn qrupunun tələbələrinin sinif və sərbəst işlərindən ibarət yaradıcılıq sərgisi açılıb.
Sərgidə universitet rəhbərliyi, fakültə əməkdaşları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Sərginin açılışında çıxış edən fakültənin dekanı professor Zahidə Məmmədova tələbələrin qrup halında ilk sərgilərinin olduğunu, ilk gündən onların öz istedad və bacarıqları ilə seçildiyini söyləyib. Dekan tələbələrə göstərdiyi dəstəyə görə təsviri incəsənət kafedrasının müəllimləri Yaşar Səmədov və Həsən Həsənova xüsusi təşəkkürünü bildirib.
Digər çıxış edənlər də tələbələrin ilk qrup sərgisini yüksək qiymətləndirib, onlara gələcək illərdə daha böyük sərgilər arzulayıblar.
Daha sonra sərgiyə baxış keçirilib. Tələbələr böyük həvəslə əl işlərini iştirakçılara təqdim ediblər.
Sərgidə, əsasən peyzaj, müasir üslubda işlənmiş əsərlər, portretlər, interyer dizayn işlərindən ibarət 50-yə yaxın rəsm işi nümayiş olunub.
Sərgi 2 gün davam edəcək.