AMEA İnformasiya Texnologiyaları İnstitutunun seminarında araşdırmanın nəticələri müzakirə olunub


Oktyabrın 1-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda  növbəti seminar keçirilib. İnstitutdan bildiriblər ki, seminarda  12 saylı şöbənin əməkdaşı Pirdas Muradova “Dil biliklərinin mənimsənilməsində ümumavropa təcrübəsi” mövzusunda apardığı araşdırmaların nəticələrini təqdim edib.

 

Məruzəçi öncə CEFR (Common European Framework of References for Languages – Ümumavropa dilləri üçün çərçivə proqramı) haqqında məlumat verərək onun hər hansı dilin tədrisi üçün dərsliklər və əlavə dərs vəsaitlərini dilləri dəstəkləyən proqramların inkişafı və dil biliklərinin qiymətləndirməsi üçün alət və resurslarla təmin edən çərçivə proqramı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu proqramın ideyası 1991-ci ilin noyabr ayında Avropa Şurasının İsveçrədə keçirilən simpoziumunda təklif edilib, 1996-cı ilin sonunda isə ilkin varianti təqdim olunub.

 

P.Muradovanın sözlərinə görə, “Ümumavropa dilləri üçün ortaq çərçivə proqramı” dil öyrənənlərə həmin dildə ünsiyyət qurmaq və ondan səmərəli istifadə etmək üçün  hansı məqamlara diqqət yetirməyin vacib olduğunu öyrədir.

 

Bu proqram Avropada dil mütəxəsislərinin təhsil proqramları, tədris planları, testlər, dərsliklərin layihələndirilməsi və təkmilləşdirilməsi üçün ümumi baza ilə təmin etməyi, müxtəlif dillərin pedaqoqları arasında pedaqoji təhsili və əməkdaşlığı dəstəkləməyi, öyrənmə prosesinin hər bir mərhələsində öyrənən şəxsin bilik səviyyəsini yoxlamağı və s. nəzərdə tutur.

 

“Ümumavropa dilləri üçün ortaq çərçivə proqramına görə, dil 3 əsas cəhətə görə formalaşır – dil fəaliyyəti, fəaliyyətin baş verdiyi sahələr və bacarıqlar. Proqram dil fəaliyyətini informasiyanın qəbulu (dinləmə və oxu), istehsalı (danışıq və yazı), qarşılıqlı əlaqə (danışıq və yazı) və vasitəçilik (tərcümə) kimi növlərə ayırır”.

 

Məruzəçi, həmçinin CEFR testinin məzmunu və məqsədi, proqramın praktikada tətbiqi, eləcə də təhsil, miqrasiya və iş məqsədilə yüksək səviyəli ingilis dili testi olan IELTS (International English Language Testing System - Beynəlxalq İngilis Dili Test Sistemi) haqqında ətraflı məlumat verib.

 

P.Muradova Azərbaycan dilinin xarici dil kimi tədrisi ilə əlaqədar, beynəlxalq təcrübəyə əsaslanan və bu təcrübənin ana dilinə uyğunlaşdırılaraq tətbiqini nəzərdə tutan bir sıra təkliflər də irəli sürüb. Onun dediyinə görə,bu məqsədlə Azərbaycan dilinin xarici dil kimi öyrədilməsi üçün tədris planının, eləcə də plana əsaslanan dərslik və əlavə dərs vəsaitlərinin (audio, video, proqram təminatları və s.) hazırlanması, beynəxalq standartlara əsaslanan yeni qiymətləndirmə meyarlarının işlənilməsi vacibdir.

 

Sonda məruzə ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

 

Yusif ƏLİYEV