Almaniyalı tədqiqatçılar aşkar ediblər ki, bədənin hərarətinin azalması qocalma prosesinin sürətinə və zülallar mübadiləsində yaşla bağlı dəyişikliklərə təsir göstərir.

 

Xarici ölkə KİV-ləri xəbər verir ki, ekstremal aşağı hərarətlər məhvedicidir. Lakin bədən hərarətinin orta dərəcədə aşağı düşməsi həm soyuqqanlı, həm də istiqanlı orqanizmlərə, o cümlədən insan orqanizminə yaxşı təsir göstərir. Lakin alimlər bədən hərarətinin azalması halında uzunömürlülüyü artıran müəyyən mexanizmlər haqqında indiyədək az məlumatlı olublar və bu da həmin biliklərin təcrübədə istifadəsini məhdudlaşdırır.

 

Soyuq ilə uzunömürlülük arasında bağlılığı öyrənməkdən ötrü Almaniyanın Köln Universitetindən olan tədqiqatçılar aşağı temperaturun hüceyrədə zədəli və lazımsız zülalların parçalanmasına cavabdeh olan çoxzülallı komplekslərin – proteasomların aktivliyinə təsirini öyrəniblər. Proteasomların düzgün aktivliyi hüceyrənin fəaliyyəti üçün çox vacibdir. Parçalanmaya davam gətirən zülalların böyük miqdarda toplanması qocalma ilə bağlıdır.

 

Alimlər aşkar ediblər ki, “Caenorhabditis elegans” tipli dairəvi qurdun normal ömrü 20 gün olduğu halda, əgər o, 15 dərəcə Selsi temperaturda saxlanılarsa, ömrü 28-29 günədək uzanır. Məlum olub ki, aşağı temperaturda hüceyrədə proteasomların fəaliyyətini tənzimləyən və hüceyrənin ömrünü uzadan daha çox “PSME3” zülal-aktivatorları yaranır. Əgər bu hüceyrənin fəaliyyəti təcrid olunarsa, o halda aşağı temperatur proteasomların aktivliyinə səmərəli təsir göstərməyəcək. Bu isə hüceyrələrdə zədəli zülalların yığılması ilə nəticələnəcək və gələcəkdə yaşla əlaqədar müxtəlif xəstəliklərə səbəb ola bilər.

 

Alimlər göstəriblər ki, insan hüceyrələrinin aşağı temperaturda (36 dərəcə Selsi) saxlanması onlarda “PSME3” zülalının insana aid analoqunu fəallaşdırır. Bu, hüceyrələrin ömrünü uzadır və bütün orqanizmin yaşlanma sürətini azaldır. Beləliklə, aşağı salınmış bədən hərarəti təkamül baxımından bir-birindən uzaq orqanizmlərin ömrünə faydalı təsir göstərə bilər ki, bu da qocalma prosesinin ləngidilməsinin ümumi mexanizmi kimi başa düşülür.

 

Azərtac