Azərbaycan Coğrafiya Cəmiyyətinin Azərbaycan Dövlət Pedaqoji Universiteti filialının təşkilatçılığı ilə “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ilinin tələbələri Coğrafiya İnformasiya Sistemləri (CİS) fənni üzrə müəllimləri dosent Mətanət Əsgərova, İlhamə Qəribova və Seyidnisə Əliyevanın rəhbərliyi ilə təcrübə mübadiləsi məqsədilə Azərbaycanda aparıcı CİS şirkətlərindən birində olublar.
Şirkətin məsul şəxsləri, CİS mühəndisləri və digərləri tələbələrə CİS, Azərbaycanda CİS-in inkişafı, CİS proqramları, istifadə olunan alətlər, praktik olaraq CİS xəritələrinin necə, hansı mərhələlər və üsullarla yaradılması, məlumat bazasının yaradılması, CİS-in əhatə etdiyi sahələr, şirkətin yerinə yetirdiyi layihələr barədə geniş məlumat veriblər. O cümlədən, əyani olaraq tələbələrə çöl dəqiqləşdirmə işlərində istifadə edilən dron, exolot, GPS və 360 dərəcə hərəkət edərək sürətli şəkillər çəkən rəqəmsal aparatların istifadə qaydaları və praktik olaraq CİS proqramlarında xəritə yaratmağın mərhələləri nümayiş etdirilib.
Qeyd edək ki, CİS şirkəti məsafədən zondlama, eləcə də proqram təminatının hazırlanması sahəsində böyük təcrübəyə malikdir. Burada çalışan mütəxəssislər dünyanın müxtəlif aparıcı universitetlərində təhsil almaqla bərabər, bir sıra beynəlxalq seminar, konfrans və təlimlərdə iştirak ediblər. Şirkət ArcGİS Pro və CİS ilə bağlı digər alternativ proqramlardan istifadə etməklə bir sıra layihələr yerinə yetirməkdədir, o cümlədən, “Kəlbəcərdə Hypespektral çəkilişlə mineralizasiyanın təyin edilməsi”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi fondunda olan mineral yataqların rəqəmsallaşdırılması”, “Naxçıvan və Qarabağ ərazisi istisna olmaqla bütün rayonlar üzrə meliorasiya layihəsi (bütün suvarma şəbəkələrinin CİS data şəklində yığılması)”, “Gpon (Gigabyte Passive Optical Network) texnologiyası ilə internet kabel sisteminin CİS proqramında çəkilməsi”, “Lidar 360 çəkiliş sistemi ilə data məlumatlarının yığılması“ kimi layihələri icra edir.
Qeyd edək ki, şirkət rəhbərliyi universiteti yeni bitirən məzunların işə qəbulunda da maraqlıdır.