Qrant müsabiqəsinin qalibi olan layihə şagirdlərdə dron texnologiyaları ilə əlaqəli olan fənlərə marağı artırıb


Azərbaycan təhsilinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də  əsas istiqamətlərdən biri kimi göstərilib. Bu səbədən müasir təhsil sistemində şagirdlərin elmi-texniki biliklərinin yüksəlməsi, robototexnika, dron texnologiyası sahəsinə meyllərinin artması olduqca vacib məsələlərdən biridir.

 

Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalib layihəsi olan “Rəqəmsal aqronomlar”ın əsas məqsədi şagirdləri elmi-texniki istiqamətlərdə fəaliyyətlərə cəlb etmək, dron texnologiyası ilə yaxından tanış etmək, 3D dizayn hazırlayıb çap edərək aqrotexniki təyinatlı dron maketləri hazırlamaq, bu maketləri əkin sahələrində sınaqdan keçirərək fermerlərə nümayiş etdirmək idi. Layihənin icrası müddətində Cəlilabad rayonunun müxtəlif məktəblərindən 25 şagird seçilərək təlimlərə cəlb olunub və 30 saatlıq təlim müddətində TinkerCad proqramını, 3D çap etməyi, dron proqramlaşdırmanı öyrəniblər. Layihə müddətində iştirakçı şagirdlər üçün 4 günlük payız düşərgəsi təşkil olunub. Düşərgə müddətində Cəlilabad, Masallı, Lənkəran fermerləri ilə görüşlər keçirilib, çay plantasiyasına, kartof, üzüm, çiyələk sahələrinə, Lənkəran şəhəri 7 nömrəli tam orta məktəbdə yerləşən STEAM mərkəzinə, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə səfərlər edilib. Şagirdlər görüşlərdə fermerlərə hazırladıqları aqrotexniki təyinatlı dronlarını təqdim edərək, onların kənd təsərrüfatındakı əhəmiyyətindən danışıblar. Layihə iştirakçılarından seçilmiş "Rəqəmsal aqronomlar" komandası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Baku Expo Mərkəzində keçirilən SAF (STEAM Azerbaijan Festival) 2022 festivalında "İnnovativ sərgi" kateqoriyası üzrə “Gələcəyin aqronom şəhəri” layihəsini təqdim ediblər. Komanda festivalda ziyarətçilərin marağına səbəb olub, təltifetmə mərasimində kuboka, diploma və hədiyyələrə layiq görülüb. Festivalda iştirak edən komanda üzvləri Lənkəran-Astara regional təhsil idarəsinin rəhbərliyi tərəfindən də Fəxri Fərmanla təltif olunub. Layihə təlimləri bitdikdən sonra “Ən yaxşı dron dizaynı” müsabiqəsi elan olunub. Layihənin bağlanış mərasimində şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib. Daha sonra müsabiqə qaliblərinə diplomlar verilib.

 

Qeyd edək ki, layihə şagirdlərdə dron texnologiyaları ilə əlaqəli olan fənlərə, yəni fizika, riyaziyyat, informatika-proqramlaşdırma və digər fənnlərə marağı artırıb və gələcək dövrdə bu istiqamətdə nəticələrinin yüksəlməsinə də yardımçı ola biləcək.

 

Elçin ABBASOV, 

Layihə rəhbəri, Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin fizika-riyaziyyat müəllimi,  V və VI qrant müsabiqələrinin qalibi