Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri  professor Nurməmməd Məmmədov Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində  ezamiyyətdə olub. 

 

Səfər çərçivəsində N.Məmmədov EGE Universitetində işgüzar görüşlər keçirib, bu ali təhsil ocağının prorektorları  professor Mehmet Ersan və  professor Banu Yusellə, Günəş Enerjisi İnstitutunun direktoru professor Ceylan Zafer, Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan, Beynəlxalq əlaqələr koordinatoru  professor  Candaş Adıgüzel Zengin, koordinator Sermin Dişkaya və digər əməkdaşlarla faydalı müzakirələr aparıb. Müxtəlif fakültələr və laboratoriyaları gəzən professor N.Məmmədov universitet əməkdaşları ilə qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında fikir mübadiləsi edib. Eyni zamanda, o, Günəş Enerjisi İnstitutunda Azərbaycanın inşaat sektorunda enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri, Qarabağda aparılan tikinti-quruculuq işlərinə aid geniş təqdimatlı 4 seminar keçirib.

 

Qeyd edək ki, Orhun Mübadilə Proqramı Türk Şurası Türk Universitetlər Birliyinə üzv olan universitetlər arasında imzalanan protokollar çərçivəsində həyata keçirilən tələbə və müəllim mübadiləsi proqramıdır.