Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Geobotanika şöbəsinin əməkdaşları Şəki və Oğuz rayonlarında elmi tədqiqatlar aparıblar. Tədqiqatlar Şəki rayonunda Baş-Küncüt və Çəldək kəndləri, Marxal və Şam meşələri, Oğuz rayonunda Muxas, Cahan  kəndləri ətrafındakı meşə massivlərində aparılıb. Tədqiq olunan ərazilərin  meşə massivlərində erkən yaz bitkilərinin yayılması öyrənilib, onların GPS koordinatları qeydə alınıb, fenoloji müşahidələri aparılıb, foto şəkilləri çəkilib, herbari nümunələri toplanılıb. Eləcə də nadir növlərin vəziyyəti tədqiq edilib.

 

İlkin tədqiqat zamanı müəyyən olunub ki, ərazilərdə əsas ağac növləri fıstıq, palıd, vələs və cökədir. Tədqiq olunan meşə massivlərində ağacların yerüstü paylanmasının sıx olduğu müşahidə edilib. Tədqiqat nəticəsində qeyd olunub ki, Baş-Küncüt kəndi ətrafında fıstıq ağaclarının özünübərpa prosesi müsbət keçir. Nadir növ olan qafqaz xədicəgülü (Galanthus caucasicus Grossh.) bitkisi Çəldək kəndi ətrafında meşə talalarında kiçik qruplar şəklində aşkar edilib. Növün 1 m2-də müxtəlif yaş vəziyyətində olan fərdlərinin sayı 12-dən 28-ə qədər hesablanıb və vəziyyəti qənaətbəxşdir.

 

Tədqiqat nəticəsində uzunsov ardıc (Junipers oblonga M. Bieb.) bitkisinin yayılmasının zonal xüsusiyyətli olduğu müəyyən edilib. Bu növ həm Şəki (Kiş çayı yaxınlığında), həm də Oğuz rayonu ərazisində geniş formasiya əmələ gətirir və kol yarusunda da fraqmentar şəkildə rast gəlinir.