Ekoloji layihənin birinci mərhələsi başa çatıb


Ekologiya sahəsində ixtisaslaşmaq istəyən gənclər üçün təşkil olunan "Təbiətin bir parçası - Mən" layihəsinin birinci mərhələsi yekunlaşıb.

 

Layihənin əsas məqsədi region gənclərinin ekoloji maarifləndirilməsi yolu ilə yaşıl təşəbbüslərinin artırılmasına dəstək olmaqdır.
 

Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə tərəfdaşlığı ilə baş tutan "Təbiətin bir parçası - Mən" layihəsi çərçivəsində 5 gün ərzində təlimlər təşkil edilib.
 

Gəncə şəhərində təşkil olunan layihə çərçivəsində seçilmiş 20 nəfər gənclə "Ətraf mühit və ekologiya", "Atmosferin çirklənməsinin ekoloji fəsadları", "Torpaqların deqradasiyası və mühafizəsi", "Biomüxtəlifliyin qorunmasının yolları" mövzuları əsasında 5 gün ərzində təlimlər keçirilib. Təlimlər ADAU-nun ekologiya kafedrasının assistenti Ceyhunə Hacıyeva tərəfindən aparılıb, həmçinin praktik məşğələlər də baş tutub.
 

Qeyd edək ki, layihə ADAU-nun Ekologiya ixtisasının 4-cü kurs tələbəsi Elnarə Şahbazovanın Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" adlı fərdi qrant müsabiqəsində qalib olmuş layihəsidir.