Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.
Təhsil müəssisələrində Soyqırımı Gününə həsr olunmuş konfrans, mühazirə, toplantı, “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Həmçinin divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.
Tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan xalqına qarşı törədilən soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib. 31 Mart hadisələrinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib. Xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün daim yaddaşlarda yaşadılması və zəruri nəticələrin çıxarılmasının xüsusi əhəmiyyət daşıması şagirdlərin diqqətinə çatdırılıb.
Tədbirlərdə 31 Mart Soyqırımının dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğu qeyd edilib.
Şagirdlər 31 Mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.