Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı peyvənd tövsiyələrini yumşaldıb.
Beynəlxalq qurum pandemiyanın hazırkı mərhələsində yalnız risk qrupları üçün son buster dozadan sonra əlavə peyvənd dozasını tövsiyə edir. Bu doza əvvəllər sağlam uşaq və yeniyetmələrə də şamil olunurdu, lakin yeni tövsiyələrdə qeyd edilən yeni doza yalnız yaşlı insanlar və bəlli risk faktorlarına malik şəxslər üçün nəzərdə tutulur.
ÜST, həmçinin elan edib ki, iki peyvənd və bir busterdən ibarət baza immunlaşmadan sonra ”orta riskli” şəxslər üçün peyvənd mühafizəsi ümumi şəkildə tövsiyə edilmir. Eyni zamanda peyvəndləmə kampaniyaları üçün sağlam uşaq və yeniyetmələr “aşağı prioritet“ hesab edilməlidir.
Hazırda dünyanın müxtəlif ölkələri koronavirusa qarşı əhalinin peyvənd olunmasında fərqli strategiyalar həyata keçirirlər. Beynəlxalq qurumun immunlaşma üzrə ekspert qrupunun rəhbəri Hanna Nohinek bildirib ki, ağır xəstəlik gedişatına malik şəxslərin, eləcə də yaş və immun zəifliyindən asılı olaraq riskli qrupların peyvənd olunmasına ayrıca diqqət göstərilməlidir.
Azərtac