Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Kosmik hava durumu haqqında bildirilib ki, hesabat dövrü ərzində maksimum alışma 20 mart tarixində baş vermiş M 1.2 sinifli alışma olub. Hal-hazırda Günəşin səthində 8 aktiv ləkə qrupu müşahidə edilir, aktiv ləkələrin sayı artaraq 125 olub. Martın 20-də Yerə yönəlmiş 2 Tac Kütlə Atılması (CME – Coronal Mass Ejections) qeydə alınıb. Martın 16-dan Günəşin səthində tac dəlikləri müşahidə edilir.

 

Enerjisi 2 MeV-dən çox elektron seli geostasionar orbitdə həyəcanlaşmış səviyyədə olub (746 pfu), 10 MeV-dən çox enerji yüklü  proton seli isə fon səviyyəsində qalıb.

 

Günəş küləyinin sürəti artaraq Yer orbitində 647.7 km/san-ə çatıb. Tac Kütlə Atılmalarının təsiri nəticəsində planetlərarası maqnit sahəsinin intensivliyi 23 martda artaraq 22 nT,  radial istiqamətdə isə  -17 nT-yə çatıb. Hal-hazırda isə planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində 7.24 nT, radial istiqamətdə isə 0.25 nT-dir.

 

Martın 20-də qeyd alınan böyük Tac dəliyi və Yerə doğru yönəlmiş Tac Kütlə Atılmaları səbəbilə 23-24 mart tarixlərində maqnit qasırğası  qeydə alınıb. 24 mart tarixində qasırğanın gücü artaraq, G4 (7 Kp) səviyyəsinə kimi yüksəlib. Hal-hazırda isə geomaqnit sahə sakitdir (+1 Kp).

 

Kosmik hava proqnozuna gəlincə, bildirilib ki, proqnoz günlərində (27 mart - 02 aprel) C sinif alışmanın baş vermə ehtimalı 90%, M sinif (R1-R2) 10%, X sinif isə 1% təşkil edir.

 

Enerjisi 2 MeV olan elektron selinin 27-29 martda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin (CH HSS – Coronal Hole High Speed Streams) təsirindən yüksək səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

 

Geomaqnit sahənin həftə ərzində aktiv olacağı ehtimalı var. Belə ki, 27-28 martda mənfi qütblü CH HSS təsiri nəticəsində Günəş küləyinin sürətinin bir qədər də artacağı proqnozlaşdırılır. 30 mart tarixində isə G1 sinifli maqnit qasırğası gözlənilir.