Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Novruz bayramı münasibətilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunların ailələrini ziyarət ediblər.
Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində - Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala və digər rayonlarda şəhid ailələrini ziyarət edən nümayəndə heyəti Vətən uğrunda canlarından keçmiş ADNSU məzunlarının ailələrinə rektor professor Mustafa Babanlının salam və ehtiramını çatdırıb, onlara universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlayır, onların problemlərinin həllinə kömək edir.
ADNSU-da keçirilən hərbi-vətənpərvərlik mövzusunda tədbirlərdə şəhid ailələrinin daim arzuolunan qonaq olduqları qeyd edilib və bildirilib ki, rektor M.Babanlının tapşırığı ilə hər il Novruz bayramı ərəfəsində qəhrəmanların ailələri ziyarət olunur.
Sonra nümayəndə heyəti şəhid ailələrinə bayram sovqatını təqdim edib.