Beynəlxalq müsabiqələr qalibi Surə Həsənlinin uğur hekayəsi


Dünyaşöhrətli korifey musiqiçılərin tərcümeyi-halına nəzər yetirərkən  bir daha şahid olursan ki, sən demə babalar zamanında  çox  doğru  deyiblər  ki, fitri istedad erkən yaşlarında özünü büruzə verir. Bu fikrin danılmaz həqiqət olduğuna yeniyetmə bir skripkaçı  qızla- Surə Həsənli ilə  bu günlərdə  təhsil aldığı gimnaziyada tanış olduqdan, onun bu  simfonik janr ifadəçisi olan  musiqi alətində  lap erkən yaşlarında  yaratdığı xarüqələr  barədə məlumat aldıqdan sonra  bir daha inandım. Həmsöhbətim  dilli-dilavər qız idi. Söhbətimiz də olduqca maraqlı keçdi.

 

Surə  Həsənli 2009-cu ildə  Bakıda anadan olub. 5 yaşından  Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Əməkdar müəllim, professor   Fatimə İdiyatulinanın sinfində  təhsil  alıb. Hazırda  isə  yeniyetmə skripkaçı  Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında  musiqinin sirlərinə  həvəslə yiyələnir. Bəs necə? O, bu təhsil ocağında da əla qiymətlərlə oxuyur və bir çox konsertlərdə, müsabiqələrdə  ona yönəli olan ümidləri doğruldaraq  nailiyyətlərə imza atmağa  israrlı olduğunu aldığı medal və diplomlarla sübut edir. Dünyaşöhrətli musiqi korifeylərinin bəstələdikləri simfonik əsərləri maraqla dinləyən və öyrənən istedad sahibi Surə Həsənli  skripkanın   simləri üzərində yaratdığı möcüzələrlə  artıq  tamaşaçıların qəlbinə asanlıqla yol tapa bilir. Onunla söhbət zamanı, -  skripkada  ifa etmək həm şərəfli, həm də  məsuliyyətlidir, - dedi. - Möhtəşəm  konsert salonlarında özünü sınayırsan, hamının diqqəti sənin ifanda olur, tamaşaçıların rəğbətini qazanırsan. Bundan böyük nailiyyət və xoşbəxtlik mənim üçün nə ola bilər?

 

Bütün uğurlarıma görə müəllimlərimə borcluyam

 

Bütün  uğurlarımın  təməlində  zəhmətimlə, əzmkarlığımla bərabər   təhsil aldığım məktəbin və  müəllimlərimin  əməyi  danılmazdır. Onların  üzərimdə çəkdikləri əməyin nəticəsi olaraq  müxtəlif vaxtlarda  beynəlxalq  müsabiqələrə qatılaraq birincilik qazanıb diploma  və  fəxri fərmanlara layiq görülmüşəm. 2017-ci il   həyatımda ən uğurlu il olub. “Testene art” adlı  beynəlxalq müsabiqədə I yerə layiq görüldüm. “Ümid 2018” adlı beynəlxalq müsabiqədə I yerə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş III Respublika müsabiqəsində laureat adına, Gürcüstanın Tbilisi şəhərində keçirilən Vaje Çaçavanın xatirəsinə həsr olunan II beynəlxalq müsabiqədə I yerə, Gürcüstanla  Azərbaycanın birgə keçirdikləri  “Future stars” adlı IX beynəlxalq müsabiqədə I yerə, Belçikanın Brüsel şəhərində keçirilən “Grumiaux” (keçmiş Bravo) adlı violin ifaçıları arasında beynəlxalq müsabiqədə II yerə, “Nouvelles etoiles” adlı  beynəlxalq  müsabiqədə I yerə və iki xüsusi mükafata  layiq görülmüşəm.  Mən bu mükafatlara əsasən Fransanın Paris şəhərində Novosibirskın “Bright bows” adlı kamera orkestri ilə çıxış  və violin ifaçıları üçün “İnter corder” adlı nüfuzlu beynəlxalq müsabiqədə  finalda  birbaşa iştirak etmək hüququ qazandım.

 

“İlin ən yaxşı skripka ifaçısı” seçildim

 

Uğurlarım  çoxaldıqca daha çox ruhlanıram və daha da  əzmlə çalışıram. 2018-ci və 2019-cu illərdə “İlin ən yaxşı skripka ifaçısı” seçildim. “Əlvida 4-cü sinif” adlı solo konsertim Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında uğurla  keçdi.  Yarışmalara tez-tez qatılırdım. Birinci Beynəlxalq Caz müsabiqəsində I  yeri,  “Fransa music competişion” virtuoz violin ifaçıları üçün 8-16 yaş arası  müsabiqədə II yeri,  İslam ölkələri arasında keçirilən  XI beynəlxalq müsabiqədə I yeri,  “Marine Laşville” adlı violin ifaçıları üçün müsabiqədə I yeri, 2023-cü ilin fevralında İtaliyanın Fanny Mendelson xatirəsinə həsr olunan müsabiqədə I yeri qazandım.

 

Özümü sərbəst hiss edirəm

 

Uğurlarım artdıqca səhnə həyəcanım azalır. Özümü sərbəst hiss edirəm.  Harada çıxış etməyimdən asılı olmayaraq özümü  itirmirəm, doğma  paytaxtımızda  olduğum qədər rahat hiss edirəm. Çoxlu dostlarım var. Onlarla ingilis dilində maraqlı  söhbətlər edirəm. Bütün  bunlar festival və konsertlərdə, müxtəlif  nominasiyalı müsabiqələrdə qazandığım nailiyyətlərin bəhrəsidir,-desəm  yanılmaram.  Qeyd  edim ki, Qara Qarayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera Orkestri ilə bir çox dövlət əhəmiyyətli konsertlərdə çıxış edirəm. Almaniyanın Selle və Hanover şəhərlərində, Gürcüstanın Tbilisi Konservatoriyasında, Bəstəkarlar İttifaqında, Mirzə Fətəli Axundovun  ev-muzeyində çox parlaq və yaddaqalan çıxışlarım olub. Türkiyənin İzmir şəhərinin Ege Universitetinin Konservatoriyasında və  “Suat tasher” adlı açıq havada  keçirilən teatrosunda gözəl çıxışlarım  hər zaman dinləyiciləri  heyran edib.

 

ISESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı, “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) XI beynəlxalq müsabiqəsində  kiçik yaş qrupunda  I yerə layiq görüldüm.      

 

“Səninləyik, Türkiyə” adlı solo konsert

 

Bu günlərdə gənc istedad Surə  Həsənlinin 2023-cü ilin  fevralın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində “Səninləyik, Türkiyə!” adlı solo konserti  uğurla keçib. Möhtəşəm konsert  Filarmoniyanın Kamera və Orqan Musiqisi zalında  baş tutub. Əvvəlcə qardaş Türkiyədə baş verən  dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və yaralılara Ulu Tanrıdan şəfa dilənib. Surə Həsənlinin təqdim etdiyi maraqlı proqram başa çatdıqdan sonra Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi ürəklərə sərinlik gətirən konsert  proqramının təşkilatçılarına və bütün iştirakçılara, xüsusilə yeniyetmə ifaçıya öz təşəkkürünü ifadə edib.

 

Surə Həsənlinin  martın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrin müşayiəti ilə “Gənclərə dəstək” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş solo konserti  keçirilib.

 

...Söhbətimizin sonunda  yeniyetmə istedad sevdiyi və təmsil olunduğu  sənətə diqqət göstərən  insanlara təşəkkürünü ifadə etməyi də unutmadı:

 

- Nə yaxşı ki, ölkəmizdə, eləcə də bütün dünyada  sənətə, sənətkara yüksək dəyər  verilir. Biz gənclərə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyevə və Birinci vitse-prezident,  Heydər Əliyev Fondunun  Prezidenti Mehriban xanım Əliyevaya bütün gənc istedadlar adından minnətdarlığımı  ifadə edirəm. Musiqi sahəsində qazandığım bütün  uğurlara  görə valideynlərimə və məni bu zirvəyə gərgin əməyi sayəsində qaldıran sevimli müəllimim   Fatimə İdiyatulinaya  təşəkkür edirəm və özümü onların qarşısında  ömürlük borclu sayıram.

 

Sifai SƏFƏROVA