Cari ilin aprel ayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş futzal turnirinə start veriləcək. Yarışlar Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Turnirdə 20-i Bakı, 13-ü ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən 33 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları mübarizə aparacaq.
Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünəcək. Sonrakı mərhələlər pley-off, yarımfinal və final oyunlarını əhatə edir. AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq oyunlar Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Gəncə Olimpiya İdman Kompleksinin idman zallarında keçiriləcək.
Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Çempionatda fərqlənən 3 tələbə futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.
Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Eyni zamanda, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbələrin seçiminin təminatı, ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyini və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.