Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Novruz bayramı münasibəti ilə “Baharlı yurdum” adlı tədbir keçirilib.

 

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan bayram şənliyində ADPU-nun rəhbərliyi, müvafiq struktur rəhbərləri, professor-müəllim heyəti və 400 nəfərdən artıq tələbə iştirak edib.

 

İştirakçılar əvvəlcə Novruz adət-ənənələrini özündə əks etdirən stendlərlə tanış olublar.

 

Bayram şənliyində tələbələrin ifasında Kosa və Keçəlin duzlu-məzəli səhnəcikləri, musiqi və rəqs nömrələri təqdim olunub. Filologiya, kimya və biologiya fakültələrinin tələbələrinin hazırladıqları “Haxışda” və “Üzük falı” səhnələri maraqla qarşılanıb. Şənlik “Yallı” rəqsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, kompozisiyalarda, eyni zamanda Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələri də iştirak ediblər.

                                                                ...

Digər bayram şənliyi də universitetin II tədris binasında keçirilib. Tarix və coğrafiya fakültəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı,  Suraxanı Gənclər Evinin dəstəyi ilə keçirilən “Novruz gəlir” adlı tədbirdə açılış nitqi ilə çıxış edən fakültənin dekanı dosent Asif Axundov Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirən Novruz bayramı haqqında fikirlərini bildirib, bayram münasibəti ilə tələbə və müəllim kollektivini təbrik edib.

 

Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova çıxış edərək ölkəmizin hər yerində Novruz ab-havasının yaşandığını bildirib.

 

Bayramla bağlı videoçarxın izlənilməsindən sonra ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Yaşa Azərbaycan", “Qarabağ inciləri” mahnıları, “Heyratı” zərb-muğamı ifa olunub. Gənclər Evinin fəallarından Fatimə İsmayılovanın “Şuşanın dağları” adlı rəqsi də xüsusi maraqla qarşılanıb. Tələbələr tərəfindən xalqımızın adət-ənənələrini, bu adətlərin mənalarını təcəssüm etdirən səhnəcik göstərilib.

 

Sonda "Heydər Əliyev İli” ilə bağlı tələbələrin hazırladığı xüsusi kompozisiya təqdim olunub.