Vüqar İsmayılov: “Məqsədimiz uşaq və yeniyetmələrin idman biliklərini artırmaq, onların asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaqdır”


Azərbaycanın bu gün bütün dünyada güclü idman ölkəsi kimi tanınması hər birimizin qəlbində qürur hissi doğurur. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda yetişməsi dövlətin əsas prioritetlərindəndir. Təbii ki, bu istiqamətdə idmanın rolu danılmazdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra idman sahasinə, bədən tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Uşaq və gənclərin sağlam  ruhda tərbiyə almaları üçün hər cür şərait yaradılıb. İdman və bədən tərbiyəsinin kütləviləşməsində klubların, idman məktəblərinin rolunu xüsusi qeyd etmək lazımdır.

 

Hazırda paytaxt Bakıda və bölgələrdə müxtəlif idman növləri üzrə idman məktəbləri  fəaliyyət göstərir. Həmin məktəblərdə  yüzlərlə uşaq, yeniyetmə və gənc idmanla məşğul olur.  Belə idmançıların yetişdirildiyi müəssisələrdən biri də  “Təhsil” Respublika İdman Mərkəzi 9 nömrəli Uşaq-Gənclər  İdman Məktəbidir.  İdman məktəbi ilə tanışlıq zamanı öyrəndik ki, məktəb 1969-cu ildə  yaradılıb. Həmin vaxtı məktəbdə bir bölmə - tennis bölməsi fəaliyyət göstərib. 

 

İdman Məktəbinin direktoru Vüqar  İsmayılov məktəbin fəaliyyəti barədə  bizə qısaca məlumat verdi.  Bildirildi ki, 1979-cu ildə idman məktəbində sərbəst, yunan-Roma və sambo  güləş növləri  artırılmışdır. Həmin vaxtlarda məktəb Uşaq-Gənclər Güləş  İdman Məktəbi kimi fəaliyyət göstərib. Direktor onu da əlavə etdi ki,  1970-ci ildən bu günə qədər idman məktəbində çox tanınmış əməkdar  məşqçi müəllimlər və yüksək səviyyəli idmançılar yetişdirilmişdir: “İdmançılara cəmiyyətdə həmişə  böyük hörmət var. Onlar öz hərəkətləri, davranışları ilə yetişməkdə olan gənc nəsl üçün nümunə rolunu oynayırlar. Başqa bir tərəfdən isə idmançılar zərərli vərdişlərdən uzaq olur, tüfeyli həyat tərzi keçirmirlər. Bu da, əlbəttə ki, sağlam cəmiyyətin formalaşmasında əsas şərtlərdən biridir. Müxtəlif beynəlxalq miqyaslı yarışlarda fərqlənənlər nəinki ad-san, nüfuz qazanır, həm də təmsil etdikləri ölkəni dünyada tanıdırlar. Hazırda Azərbaycan dünyada özünün idman sahəsindəki uğurları ilə seçilən ölkələrdəndir. Müxtəlif idman klublarında, cəmiyyətlərdə məşq edən idmançılar özlərinin sağlamlıqlarının qayğısına qalmaqla yanaşı, həm də gələcəkdə ən nüfuzlu turnirlərdə bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər.  Bu da hər bir azərbaycanlını sevindirir. “Təhsil” Respublika İdman Mərkəzi 9 nömrəli Uşaq-Gənlər  İdman Məktəbində 36 məşqçi müəllim işləyir. Onlardan 12-si Əməkdar idman müəllimi, 2-si “Tərəqqi” medallı, biri isə Əməkdar Bədən Tərbiyəsi və İdman xadimidir.  Əməkdar məşqçilərdən Muxtar Dadaşov, Surxay Məmmədov,  Mansur Bayramov, Cavanşir Qurbanov, Şahlar Mustafayev və Ramiz Hacıyev kimi tanınmış məşqçi müəllimlər işləmişdir. Onların yetirmələrinin beynəlxalq yarışlarda qazandığı uğurlarla idman məktəbi fəxr edir.

 

İdman məktəbində  2017-ci ildə 4 idman bölməsi  karate, basketbol, futbol,  güllə atıcılığı da yaradılmışdı.  Bu bölmələr üzrə də yetirmələrimizin uğurları kifayət qədərdir. Məqsədimiz uşaq və yeniyetmələrin idman biliklərini artırmaq, onların asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaqdır”.

 

İdman məktəbi fəaliyyət göstərdiyi dövr ərzində bir çox uğurlara imza atıb. Hər zaman yetirmələrinin uğurları ilə qabaqcıl yerlərdə olan  məktəbin idmançılarını sizlərlə birlikdə daha yaxından tanıyaq.  

 

“Gələcək hədəfim bayrağımızı zirvələrdə dalğalandırmaqdır”

 

Emil Abdullayev 30 iyun 2007-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan güləş idman növü ilə 10 yaşından Rəşad müəllimin yanında məşğul olmağa başlayıb.  1 nömrəli idman liseyinin X sinif şagirdi Emil bizimlə söhbətinə belə başladı: “Azərbaycanın bu gün bütün dünyada güclü idman ölkəsi kimi tanınması hər birimizin qəlbində qürur hissi doğurur. Mənim də idmana olan sevgim məhz Rəsul Çunayev, Hacı Əliyev və başqa güləşçilərimizin idmanda əldə etdiyi uğurlarından  sonra başladı. Artıq beş ildir ki, bu idman növü ilə məşgul oluram.  2022-ci ilin may ayında  Azərbaycan çempionatında iştirak edərək II  yerin sahibi olmuşam. Həmin ilin iyun ayında Xorvatiyada keçirilən yeniyetmələrin Avropa çemionatında  bütün rəqiblərimi böyük xalla məğlub edərək çempion olmuşam. Ötən ilin sonlarında “Təhsil” Respublika  İdman Mərkəzinin keçirdiyi beynəlxalq turnirdə  isə II yerin sahibi olmuşam. Gələcək hədəflərim arasında ən  vacibi olimpiya oyunlarında  hər birimiz üçün müqəddəs və əziz olan üçrəngli sevimli bayrağımızı zirvələrdə dalğalandırmaqdır ”.

 

“Məqsədim olimpiya çempionu olmaqdır”

 

2006-cı ildə Moskva şəhərində dünyaya göz açan  Rəşid  Süleymanov: “2013-cü ildə 6 yaşımdan Karate idman növü ilə məşğul olmağa başladım. Atam İlahəddin Süleymanov da çox güclü karate ustası olub. Məhz onun bu idman növünə olan sevgisi sayəsində mən də idmana gəldim. Karateyə həvəs də  məndə oradan yarandı. İlk uğurlarım haqqında onu deyə bilərəm ki, 2019-cu ildə İtaliyada keçirilən “Premyer Liqada” iştirak etdim. 50-ə  yaxın ölkənin iştirakı ilə keçirilən yarışda mənim 13 yaşım olsa da II yerə layiq görüldüm.  Azyaşlı bir uşaq üçün ən yaxşı nəticə idi. 2021-ci ilin avqust ayında  Finlandiyada 42 ölkənin iştirakı ilə  keçirilən Avropa çempionatında, Serbiyada keçirilən məktəblilərin dünya oyunlarında  iştirak edərək  qızıl medal qazandım. Sonra  sentyabrda Türkiyədə keçirilən “Premyer Liqada” iştirak etdim və II yeri tutdum.  Dəfələrlə ölkə çempionatlarında iştirak edərək birinci yerə layiq görülmüşəm.  Beş qat Respublika çempionuyam. Məqsədim olimpiya çempionu olmaqdır”.

 

Onların qazandığı qələbələrlə tanış olduqdan sonra belə qənaətə gəldik ki, həqiqətən “Təhsil” Respublika İdman Mərkəzi 9 nömrəli Uşaq-Gənlər  İdman Məktəbinin öz yetirmələri ilə fəxr etməyə haqqı var.  Bu çətin və şərəfli yolda onlara daha böyük uğurlar arzulayırıq.

 

Rəşad ZİYADOV