Dəniz Səttarlı: “Təsəvvür edin, xarici tələbələrə qəbul 1.4%-dir və siz bu faizin içərisindəsiniz. Bu, möhtəşəm bir hissdir”


Azərbaycanlı iki qız şagirdimiz Fidan Qarayeva və Dəniz Səttarlı Amerikanın Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology -MIT) birbaşa qəbul olublar.

 

Dəniz Səttarlı Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdidir. O, kimya fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadaların qalibi olub.

 

O, möhtəşəm uğuru ilə bağlı hisslərini “Azərbaycan müəllimi” qəzetinə belə ifadə edib:

 

- Amerikada oxumaq mənim üçün bir xəyal idi. Hələ 6-cı sinifdə oxuyan zaman bu haqda düşünürdüm. Lakin ətrafımdakı insanların reaksiyası, “orada maddi vəziyyəti yüksək olanlar oxuya bilər”- kimi fikirləri mənə müəyyən qədər təsir etmiş olurdu. Buna görə də özümü daha real vəziyyətə hazırlayırdım. Qatıldığım olimpiadalar isə həyata baxışımı tamamilə dəyişdi. Sanki xəyallarımın gerşəkləşməsi üçün bir qapı açıldı. 10-cu sinifdə oxuyan zaman düşdüyüm beynəlxalq komandada iştirak edən 11-ci sinif şagirdlərindən 3-nün dünyanın top universitetlərinə daxil olmasını görmək məni daha da cəsarətləndirdi. Anladım ki, aşılması mümkünsüz bir sədd yoxdur. Bu gün dünyanın ən yaxşı universitetlərindən birinə daxil olduğum üçün özümü çox şanslı sayıram: Təsəvvür edin, xarici tələbələrə qəbul 1.4%-dir və siz bu faizin içərisindəsiniz. Bu, möhtəşəm bir hissdir.

 

Dəniz uğur qazanmış tələbə kimi şagirdləri hər zaman ürəkli, cəsarətli olmağa,  yeni addımlar atmaqdan çəkinməməyə və öz hədəflərinə doğru düzgün fokslanmağa çağırır: “Şagirdlər özlərinin inkişafı üçün müxtəlif kurslarda, seminarlarda fəal iştirak etsinlər, həmçinin dünya təhsilindəki yenilikləri izləsinlər. Düşünürəm ki, bir istiqamət üzrə planlı şəkildə getmək daha effektiv, yüksək  nəticə verər. Bu zaman işləri hissələrə bölüb onları tamamlamaq daha asan olar və şagird daha yaxşı nəticə əldə etmiş olar.Yəni, önümdə bir imtahan varsa, ona daha yaxşı fokslanıram, daha sonra digərlərini bu cür planla tənzimləyirəm. Bu halda uğura çatmaq mümkündür. Hamıya tövsiyəm budur”. 

 

Nəzrin SEYİDƏLİYEVA