Sentyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) “Türk dili günü” münasibəti ilə Bakı Uşaq Teatrının yaradıcı heyətinin hazırladığı “Kimdir müqəssir?” tamaşası nümayiş olunub. Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinə Elşən Zeynallı quruluş verib.
Universitetin Tələbə həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ADU rektorunun məsləhətçisi Anar Osmanlı, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova, Tələbə həmkarlar təşkilatının sədri Aytəkin Mehdiyeva, tələbələr iştirak ediblər.
Tamaşadan əvvəl çıxış edən İntiqam Soltan birinci kurs tələbələrini təbrik edib, onlar üçün yaradılmış şəraitə görə başda universitetin rektoru akademik Kamal Abdulla olmaqla, rəhbərliyə öz təşəkkürünü bildirib.
Daha sonra iştirakçılar tamaşanı izləyiblər.
Sonda Anar Osmanlı tamaşa haqqında fikirlərini söyləyib. O, tamaşanın yüksək səviyyədə göstərildiyini qeyd edərək əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini bildirib.