Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu (AKİ) Bakı şəhəri 7 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”ya elmi dəstək verəcək.
Elmi müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, fitri istedadı olan şagirdlərdə aşağı yaş qruplarından başlayaraq elmə marağın yaradılması üçün məktəblərlə birgə iş aparmaq lazımdır: “Fizika, kimya, biologiya kimi qavranılması bir qədər çətin olan təbiət fənnlərinin maraqlı tərəfi laboratoriya təcrübələrinin aparılmasıdır. Şagirdlərə dərsləri təcrübə əsasında tədris edəndə həmin fənnlərə maraq oyanır. Hər hansı elmi ideyalar da xüsusi maraqdan yaranır”.
V.Fərzəliyev məktəblilərin elmə həvəsləndirilməsi üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Sabahın alimləri” Respublika elmi müsabiqəsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “Bu layihə çərçivəsində indiyə qədər həm paytaxt, həm də regionlarda yerləşən bir çox məktəblərlə əməkdaşlıq edilib, nəticə etibarilə şagirdlərin institut laboratoriyalarında yerinə yetirdikləri layihələr həmin müsabiqə və beynəlxalq bilik yarışlarında qalib olub”.
V.Fərzəliyev “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində 7 saylı məktəblə də elmi əməkdaşlığın mümkün olduğunu, buna uyğun olaraq məktəbdə şagirdlər üçün AKİ-nin aparıcı alimlərinin təqdimatında ustad dərslərinin təşkili, məktəblilərin institut laboratoriyalarına ekskursiyası, birgə startap layihələrinin yerinə yetirilməsi və s. işlərin həyata keçiriləcəyini vurğulayıb.
Məktəbin direktoru Könül Təhməzova rəhbərlik etdiyi tədris müəssisəsində “Kiçik Akademiya”nın fəaliyyət göstərdiyini, orada istedadlı şagirdlərin müxtəlif elmi layihələr həyata keçirdiklərini söyləyib. O, həmin akademiya rəhbərliyi və istedadlı şagirdlərin bir qrupunun bir müddət öncə Aşqarlar Kimyası İnstitutuna etdikləri səfərin şagirdlərdə böyük təəssürat yaratdığını bildirib.
K.Təhməzova institutla əməkdaşlığın gələcəkdə istedadlı şagirdlərin elm yoluna istiqamətlənməsinə böyük təkan verəcəyinə əminliyini vurğulayıb.