Muhəmməd Husam əd-Din: “Azərbaycan mənə doğma ölkədir, özümü burada heç vaxt yad hiss etməmişəm”
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Misir Ərəb Respublikasının Nahda Universitetinin rektoru Muhəmməd Husam əd-Din ilə görüşüb.
Qonağı salamlayan akademik Kamal Abdulla Azərbaycan-Misir münasibətlərinin yüksək səviyyədə olduğunu, ADU-nun Nahda Universiteti ilə əməkdaşlıq etdiyini deyib. Kamal Abdulla ümid etdiyini bildirib ki, bu münasibətlər daha da inkişaf edəcək: “Bizim universitetdə Koreya, Çin, Fransa və başqa ölkələrdən müəllimlər çalışır. Sizin rəhbərlik etdiyiniz universitetdən mütəxəssislər dəvət etmək istərdik. Bu, universitetlərimiz arasında daha sıx əlaqələrin yaranmasına səbəb olacaq. Eyni zamanda bizim Misirdən tələbə qəbul etməyimiz gələcəkdə əhəmiyyətli proqrama çevrilə bilər”.
Nahda Universitetinin rektoru Muhəmməd Husam əd-Din Kamal Abdulla ilə görüşməkdən fəxr duyduğunu bildirib. Qeyd edib ki, onun “Yarımçıq əlyazma” əsəri müxtəlif dillərə, o cümlədən ərəb dilinə tərcümə olunmuş böyük əsərlərdən biridir: “Sizin ”Yarımçıq əlyazma” romanınızı böyük maraqla oxumuşam. Sevinirəm ki, bu əsəri ərəbdilli insanlar da oxuya biləcəklər. Bildiyiniz kimi Nahda Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq müqaviləsi var. Mən bundan çox məmnunam. Bu əməkdaşlığın nəticəsi olaraq Dillər Universitetində oxuyan tələbələr bizim universitetdə təhsil ala bilərlər. Biz onlara hər bir şəraiti yaratmağa hazıram”.
Nahda Universitetinin rektoru rəhbəri olduğu təhsil müəssisəsində Azərbaycan dilini tədris etməyi planlaşdırdıqlarını söyləyib: “Azərbaycan mənə doğma ölkədir, özümü burada heç vaxt yad hiss etməmişəm. Çünki Azərbaycanda əmin-əmanlıq yüksək səviyyədədir. İnanıram ki, biz Azərbaycan dilini universitetimizdə müvəffəqiyyətlə tədris edə biləcəyik. Çünki dilin tədris edilməsi əlaqələr üçün çox vacibdir”.
Görüşdə Muhəmməd Husam əd-Din akademik Kamal Abdullanı Misirə dəvət edib.