BMU-da proqramlarla bağlı məlumatlandırıcı tədbir keçirilib


Bakı Mühəndislik Universitetində (BMU) “AIESEC” beynəlxalq gənclər təşkilatının təcrübə proqramları ilə bağlı növbəti məlumatlandırıcı tədbir keçirilib.

 

Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə baş tutan tədbirdə “AIESEC Azərbaycan” komandasının üzvləri - Aysel Əzizova, Nihad Məmmədli, Fəridə Hənəfiyeva və Fidan Kərimli təmsil etdikləri təşkilatın tarixi, fəaliyyəti, məqsəd və hədəfləri barədə tələbələrə məlumat veriblər.

 

Bildirilib ki, “AIESEC” 120-dən çox ölkədə fəaliyyətdə olan dünyanın ən böyük gənclər təşkilatıdır. 2006-cı ildən etibarən Azərbaycanda da aktiv fəaliyyətə başlayan “AIESEC” hazırda “Global volunteer”, “Global teacher” və “Global talent” adlı üç təcrübə proqramını reallaşdırmaqda davam edir. Sözügedən proqramlar tələbələrə onlar üçün maraq kəsb edən sahə və ixtisaslar üzrə xaricdə peşəkar iş təcrübəsi imkanı qazandırır. Tədbirdə proqramların başqa (öz dil biliyini inkişaf etdirmək, beynəlxalq dostlar qazanmaq, digər ölkələrin mədəniyyətləri ilə tanış olmaq və s.) üstünlüklərindən də bəhs olunub.

 

Təqdimatlarda proqramların istiqamətləri, icra müddətləri gənclərə ətraflı izah edilib.

 

Tədbir mübadilə proqramları ilə bağlı tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.