SOCAR prezidentinin müşaviri Aygün Hüseynova və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub.
Ali məktəbin rektoru Elbrus İsayev universitetin maddi-texniki bazası, ixtisasları barədə məlumat verib. Vurğulanıb ki, universitetin tələbə kontingenti muxtar respublikadan olmaqla bərabər, 20 faizi Azərbaycanın müxtəlif bölgələrindən, digər 20 faiz isə əcnəbi tələbələrdən formalaşıb. Qeyd olunub ki, ali təhsil ocağında 23 ixtisas üzrə 1700 əcnəbi tələbə təhsil alır. E.İsayev bildirib ki, ali təhsil ocağının dünyanın 150-yə yaxın universiteti ilə beynəlxalq əlaqələri mövcuddur. Rektor universitetin beynəlxalq əməkdaşlığında müəllim-tələbə mübadiləsinin üstün cəhətlərinə toxunub. Muxtar respublikada kadr potensialının ali təhsil ocağını bitirən məzunların hesabına təmin edildiyi vurğulanıb. Texnopark sahəsində ali təhsil ocağında görülən işlərdən danışan rektor innovativ sahədə qazanılan uğurları qeyd edib. E.İsayev NDU-nun elmi potensialı haqda məlumat verərək professor-müəllim heyətinin beynəlxalq təcrübəyə söykənən nüfuzlu elmi nəşrləri barədə danışıb. Ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində uğurla fəaliyyət göstərən IELTS mərkəzi barədə məlumatları diqqətə çatdıran E.İsayev yaxın zamanlarda SAT imtahan mərkəzinin də yaradılacağını deyib.
SOCAR prezidentinin müşaviri Aygün Hüseynova şirkətin qarşıya qoyduğu hədəfləri barədə çıxış edib. Qonaq SOCAR şirkətində “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Universitetində də keçirilməsi nəzərdə tutulan görüşlərdən danışıb. A.Hüseynova vurğulayıb ki, universitetdə Heydər Əliyev və onun neft strategiyası mövzusunda mühazirələrin keçirilməsi planlaşdırılıb.
Görüşdə birgə həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılıb.