“AzərŞəkər” MMC ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “AzərŞəkər” MMC-nin rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə çıxış edən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ADAU-nun dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması üçün yerli və xarici şirkətlərlə əməkdaşlığa verdiyi önəmdən bəhs edib. Universitetin kadr potensialı, beynəlxalq əlaqələri və təcrübə imkanlarından danışan Z.Qurbanov qarşıda duran perspektivlərdən də söz açıb.
“AzərŞəkər” MMC-nin kənd təsərrüfatı üzrə direktoru Seymur Səfərli təqdimatla çıxış edərək bildirib ki, 2017-ci ildə təsis edilmiş “AzərŞəkər” ölkəmizin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalına başlayıb. Şirkətin hədəfi dünyada mövcud olan qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir.
Görüşdə həmçinin, tələbələrin təcrübə, birgə elmi-tədqiqat işlərinin aparılması və s. məsələlər də müzakirə edilib.
Sonda “AzərŞəkər” MMC və ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Görüşdən sonra tələbələrlə görüşən şirkət rəhbərliyi təcrübə və iş imkanlarından danışaraq onları maraqlandıran sualları cavablandırıb.