Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşları NDU-nun tələbələri ilə görüşüb


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi əməkdaşlarının növbəti görüşü Naxçıvan Dövlət Universiteti İqtisad fakültəsinin tələbələri ilə keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin İqtisad fakültəsinin dekanı, dosent Əşrəf Ələkbərov  vurğulayıb ki, sözügedən sərəncam ali təhsilin inkişafı, peşəkar kadr hazırlığı, tələbələrin ixtisasa praktiki baxımdan daha mükəmməl yiyələnmələri məqsədi ilə qəbul edilən və artıq öz real nəticələrini verən mühüm sənəddir. Çıxışda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Maliyyə nazirliklərinin fakültəyə uğurla hamilik etmələrindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün müvafiq nazirliklərdə hərətərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən bəhs edilib.

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətşisi Ramil Hüseynov, həmin şöbənin aparıcı məsləhətçisi Abbas Hüseynov “Büdcə planlaşdırılması və dövlət büdcəsinin tərtibi qaydaları” mövzusunda məruzə  ediblər. Məruzədə bildirilib ki, iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsi olan büdcə pul münasibətlərini özündə əks etdirir, istehsal-iqtisadi planlaşdırma fəaliyyəti üçün ayrı-ayrı bölmələrinin təşkilini sistemli şəkildə həyata keçirir. Sistem maliyyə xərcləri və nəticələrini optimallaşdırmağa kömək edir. Vurğulanıb ki, vahid büdcə təsnifatının strukturu və tərkibi Azərbayan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “Beynəlxalq Valyuta fondunun Dövlət Maliyyə Statistikasının tərtibi qaydaları” adlı sənədində əks edilən beynəlxalq standartlara əsasən müəyyən edilir.

 

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.