Avropa Buz dövründə heç də indiki kimi cənnət olmayıb. Bu qitənin böyük hissəsini bürüyən nəhəng buzlaqlar geniş əraziləri insanlar üçün əlverişsiz edirdi. Amma Avropaya köç edən insanlar böyük çətinliklə də olsa, bu ağır şəraitə dözə biliblər.

 

Reuters agentliyi xəbər verir ki, bu yaxınlarda tədqiqatçılar Avropada 35 min və 5 min əvvəl yaşamış 356 insanın genom məlumatlarının təhlilini açıqlayıblar. Bu, onlara insan qruplarının hərəkəti və bəzi əsas fiziki xüsusiyyətlərin daxil olduğu tarixdən əvvəlki Avropanın əhali dinamikasını aşkar etməyə imkan verib.

 

Tədqiqat göstərir ki, bəzi populyasiyalar Avropanın nisbətən isti bölgələrində, o cümlədən Fransa, İspaniya və Portuqaliyada sağ qalıb, digərləri isə İtaliya yarımadasında ölüblər. Alimlər, həmçinin avropalılarda açıq dəri və mavi gözlər kimi xüsusiyyətlərin ortaya çıxmasına dair yeni faktlar tapıblar. “Nature” jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi, Almaniyanın Tübingen Universitetinin paleogenetiki Kosimo Post yeni məlumatları indiyə qədər əldə edilmiş ən böyük qədim genomik faktlar toplusu adlandırıb.

 

Çindəki Pekin Universitetinin paleogenetiki və tədqiqatın həmmüəllifi He Yu əlavə edib: “Bu, insanların Buz dövründə necə sağ qaldığına dair bilikləri təzələyir. Avropa bizim güclü və iri qaşlı bənzərimiz olan neandertalların ərazisi idi, lakin onların nəsli bizim növümüz olan Homo sapiens qitədə möhkəm dayaq yaratdıqdan sonra təxminən 40 min il əvvəl kəsildi. Homo sapiens təxminən 300 min il əvvəl Afrikada meydana çıxıb, sonra bütün dünyaya yayılıb. Avropaya isə ən azı 45 min il əvvəl çatıb”.

 

Buz dövründə müxtəlif ovçu qruplar Avropanı gəzir, yunlu mamontlar, kərgədanlar və şimal maralları da daxil olmaqla, iri məməliləri ovlayır və yeməli bitkilər toplayırdılar. Buz dövrünün ən soyuq dövründə kontinental buzlaqlar adlanan buz təbəqələri Avropanın yarısını bürüyüb, qitənin qalan hissəsinin çoxu isə donmuş tundra şəraitində olub. Araşdırmaya görə, Avropanın bu ən çətin dövründən sağ çıxan yeganə insanlar Fransa və Pireney yarımadasının bəzi bölgələrində sığınacaq tapmış ovçu-toplayıcı qəbilələrin üzvləri olublar. Əvvəllər bu dövrdə insanların sığınacağı hesab edilən İtaliya yarımadası bunun tam əksi, yəni buzlaq idi və oradakı bütün insanlar tələf olublar.

 

Almaniyadakı Maks Plank Təkamül Antropologiya İnstitutunun direktoru, tədqiqatın baş müəllifi Yohannes Krause bildirib ki, Apennin yarımadasında insanların nəslinin kəsilməsi böyük sürprizdir. O əlavə edib ki, tədqiqatçılar bu bölgənin təxminən 19 min il əvvəl Balkan yarımadasından gələn ovçu qəbilələr tərəfindən yenidən məskunlaşdığını, sonradan bütün Avropaya yayıldığını və təxminən 14500 il əvvəl orada yaşayan hər kəsi əvəz etdiyini aşkar ediblər.

 

Alimlər müəyyən ediblər ki, təxminən 14-13 min il əvvəl iqlim daha da istiləşib, Avropanın əksər hissəsi tədricən meşəyə çevrilib və indiki halını alıb. Afrikadan köçdükdən sonra Avropaya daxil olan Homo sapiens fərdləri tünd dərili olublar. Genom məlumatları 14 min ilə 8 min il əvvəl Avropada insanlar arasında açıq dəriyə doğru dəyişikliyi göstərib və bu, qitədə əkinçiliyin yayılması ilə daha da sürətlənib. Mavi gözləri və tünd dərisi ilə tanınan Qərbi Avropa ovçularının bəzi xüsusiyyətləri Şərqi Avropadakı açıq dəri və tünd gözlü həmkarlarından fərqlənirdi. Bu iki populyasiya təqribən 8 min il əvvəl, Anadoludan - müasir Türkiyədən ilk fermerlərin Avropaya gəlişindən sonra yaşayış yerlərini tərk edib. Belə ki, yeni köç edənlər bütün ovçu qəbilələri şimala doğru sıxışdırıb və bəzi hallarda onlarla qarışıblar.

 

Genom məlumatları göstərib ki, təxminən 34 min il əvvələ aid olan Qravettian mədəniyyəti ilə əlaqəli olan və müəyyən növ daş alətlər, mağara rəsmləri və "Venera" heykəlcikləri ilə tanınan populyasiyalar əslində, homojen deyildi. Əvəzində, mədəni atributları paylaşan, bir-biri ilə əlaqəsi olmayan iki əhali var idi. Çinli alim He Yu bildirib ki, Qravettian populyasiyalarının iki genetik fərqli əcdadlardan birinin Avropadan yox olması faktı bütün alimlər üçün sürpriz olub.

 

Azərtac