Ötən həftə Azərbaycan mühüm beynəlxalq tədbirə - Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdi.

 

Məlumdur ki, ölkəmizin bu Hərəkata sədrliyi bu il uğurla başa çatır. Çünki 2019-cu ildən sədrlik vəzifəsini öz üzərinə götürmüş Azərbaycan bu müddətdə ədalətin, beynəlxalq hüququn müdafiəsi,pandemiyaya qarşı qlobal səyləri səfərbər etmək istiqamətində uğurlu fəaliyyət göstərdi. “Peyvənd millətçili”yinin aradan qaldırılmasına nail olundu. Koronavirusla mübarizədə bir sıra ölkələrə maliyyə və humanitar yardımlar göstərildi. Həmçinin Qoşulmama Hərəkatının institusional inkişafına dəstək verildi, mühüm təşəbbüslərlə çıxış edildi və bunlar reallaşdırıldı. Hərəkatın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü üzrə ilk iclas ötən il Bakıda keçirildi. Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Bu institusionallıq gələcək fəaliyyət üçün uğurlu bir miras olaraq düşünüldü. Beləliklə, Qoşulmama Hərəkatı irəli sürdüyü təşəbbüslərlə öz nüfuzunu və bütün beynəlxalq məsələlərə məsuliyyətli yanaşmasını parlaq şəkildə nümayiş etdirə bildi.

 

Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın Hərəkata sədrliyinin qısa hesabatını təqdim etdi, ən başlıcası dünyadakı mövcud təlatümlərdən çıxış yolları ilə bağlı qətiyyətli mövqe ortaya qoydu, əhəmiyyətli təkliflər irəli sürdü və beynəlxalq ictimaiyyətə vacib mesajlar verdi.

 

Öncə ondan başlayaq ki, dövlət başçısının beynəlxalq hüququn işləməməsinə tənqidi prizması, tamamilə reallığı əks etdirirdi. Dünyada beynəlxalq təhlükəsizliyin aradan qalxması, beynəlxalq hüququn norma və prinsiplərinin işləməməsi, beynəlxalq təşkilatların qərarlarının keçərli olmaması, ikili standartların hökm sürməsi, “Soyuq müharibə”nin bitməsindən sonra fəsadları dünyanın hər yerində hiss olunan Şərq-Qərb qarşıdurmasının yaranması acı bir gerçəklikdir. Bu xoşagəlməz mənzərəni dəyişmək, dünyanın gələcəyini sağlam təməldə qurmaq bütün dünya dövlətlərinin üzərinə ciddi məsuliyyət qoyur. Hər bir dövlət, hər bir nüfuzlu beynəlxalq qurum bunun üçün çalışmalı, səylərini birləşdirməlidir. Zirvə görüşünün tribunasından edilən əsas çağırış bundan ibarət idi.

 

BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi qiymətləndirilən Qoşulmama Hərəkatının beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynaya bilməsinə, dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməsinə diqqət çəkildi. Bildirildi ki, Qoşulmama Hərəkatı yeni müstəmləkəçilik kimi hallara qarşı mübarizədə prinsipial addımlar atmalıdır. Bu cəhətdən BMT-də islahatların zəruriliyi ilə bağlı mövqe səsləndi. Xüsusilə bu təklifin Prezident İlham Əliyev tərəfindən səsləndirilməsi təsadüfi deyildir. Çünki Azərbaycan vaxtilə üzləşdiyi işğal faktından çox gözəl bilir ki, BMT dünyadakı təhlükəsizlik məsələlərinə töhfə verə bilmir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 30 il masa üzərində qalması faktı bu iddiaya bariz misaldır. Həmin qətnamə Ermənistanı özünün silahlı qüvvələrini Azərbaycan torpaqlarından geri çəkmək tələbi qarşısında qoymasına baxmayaraq, bu, heç zaman baş vermədi, nəticədə münaqişənin həlli hərb müstəvisində başa çatdı: Azərbaycan ərazi bütövlüyünü təkbaşına, siyasi iradəsi, hərbi gücü ilə bərpa etdi. Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi təklifini irəli sürən Prezident İlham Əliyev açıq bildirdi ki, bir daimi yer Qoşulmama Hərəkatına verilməli və Hərəkata sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Hətta Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrinin dəstəkləndiyi ifadə olundu. Təbii ki, bu, ədalətli bir modeldir, dünyadakı problemlərin müzakirəsi və həllində bütün dövlətlərin rəylərinin nəzərə alınmasını təmin etmiş, onlara söz haqqı tanımış olardı.

 

Diqqət yönəldilən daha bir vacib məsələ bəşəriyyət üçün təhdid olan iqlim dəyişikliyi, su qıtlığı, ərzaq çatışmazlığı təhlükəsinə qarşı əməkdaşlığı birləşdirmək və gücləndirmək, bir-birinə kömək etmək ideyasından ibarət idi. Prezident İlham Əliyev bunu  qlobal çağırışlar kimi xarakterizə etdi və  Azərbaycanın mövqeyi aydın ifadə olundu: Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım davam edəcək. Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasının dəstəkləməsinə Azərbaycan ilk donor ölkə kimi 1 milyon ABŞ dolları məbləğində vəsait ayıracaq. Qoşulmama Hərəkatının və beynəlxalq ictimaiyyətin digər üzvləri postpandemiya dövründə ehtiyacı olan ölkələrə dəstək verməyə dəvət olundu ki, bu humanitar çağırış yalnız alqışlana bilər.

 

Məlumdur ki, dünyanın “2030: Davamlı İnkişaf Məqsədləri” adlı qlobal bir gündəliyi var və bu gündəlik inkişafı hədəfləyir. Pandemiya gündəliyin icrasını arxa plana keçirməsə də, onun vaxtında yerinə yetirilməsini xeyli dərəcədə ləngidib. Lakin davamlı inkişaf strategiyası dünyanın hər yerində vacibdir.   Mövcud çətinliklərə baxmayaraq Azərbaycan inkişaf istiqamətində mühüm addımlar atır. Bu, Zirvə görüşündə xüsusilə vurğulandı. İlk növbədə Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi diqqətə çatdırıldı.   Azərbaycan işğaldan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları ilə yeni şəhər və kəndlər salınır. Bu proses qarşısıalınmaz bir prosesdir, dövlət başçısının dediyi kimi, tək əngəl minalardır və Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunda bu problemlərin olduğu nəzərə alınaraq Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi irəli sürüldü ki, bu, bizim üçün mühüm əhəmiyyət daşıyır  və reallaşmasına, yaxşı nəticələr ortaya qoymasına ümidlər yaradır. 

 

Beləliklə, Zirvə görüşündən çıxan nəticə bundan ibarət oldu ki, müasir çağda dünyanın həll etməli olduğu kifayət qədər problemlər var və bunun tək yolu bütün dövlətlərin əl-ələ verib çalışmasından keçir.

 

Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi işinə böyük töhfə verib və verməkdə israrlıdır.

 

V.ALLAHVERDİYEVA