Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Qazaxıstan Milli İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, qazaxıstanlı tələbələr növbəti dəfə ADMİU-da təcrübə keçiblər.

 

Təcrübə müddətinin son günündə ADMİU-nun rektoru professor Ceyran Mahmudova qazaxıstanlı tələbələrlə görüşüb.


Görüşdə qeyd edilib ki, Qazaxıstan Milli İncəsənət Universitetinin magistr səviyyəsi üzrə II təhsil ilində təhsil alan tələbələr ADMİU-da elmi təcrübə keçmək üçün müxtəlif ixtisaslar üzrə müvafiq mütəxəssislərə təhkim ediliblər. Rejissorluq, art-menecment, ənənəvi musiqi sənəti, teatr sənəti, rəssamlıq sənəti, estrada sənəti, xalq çalğı alətləri, instrumental ifaçılıq, vokal sənəti ixtisasları üzrə 30 tələbə universitetin arxiv və kitabxanasında, eləcə də, Azərbaycan Milli Kitabxanasında dissertasiya mövzularına dair zəngin materiallarla təmin ediliblər.

 

Qazax tələbələr ADMİU-da Məryəm Babayeva, İsrafil Ağazadə, Cəmil Quliyev, Elnur Mehdiyev, Samirə Əliyeva və başqa peşəkar müəllimlərin rəhbərliyi ilə 15 gün ərzində müvafiq sahələr üzrə təcrübə keçiblər.

 

Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün onlar universitet əməkdaşları ilə birgə Azərbaycan Müasir İncəsənət Muzeyinə, Xalça Muzeyinə, müxtəlif teatrlara, Heydər Əliyev Mərkəzinə, Filarmoniyaya, sərgi salonlarına ekskursiya edib, Azərbaycan Dövlət Film Fondunda olub, “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) konsertində iştirak ediblər.
ADMİU ilə tanışlıqdan, burada təcrübə keçməkdən məmnunluqlarını ifadə edən qazaxıstanlı tələbələr gələcəkdə doktorantura təhsillərini bu ali məktəbdə davam etdirmək arzularını ifadə ediblər.


Sonda rektor Ceyran Mahmudova onlara sertifikatlar və xatirə hədiyyələri təqdim edib.