İspaniyanın şimalında yerləşən Kataloniyada iki ildən artıqdır ki, davam edən quraqlıq səbəbindən təqribən 6 milyon nəfər üçün sudan istifadəyə yeni məhdudiyyətlər tətbiq olunacaq.
“Euronews” xəbər verir ki, bu tədbir Barselona və Jirona daxil olmaqla, 224 bələdiyyəni əhatə edir.
İspaniya regionunun böyük hissəsini təchiz edən Ter-Lobreqat su sistemi yalnız 27 faiz yüklənib, praktiki olaraq 25 aydır yağıntı yoxdur.
Özəl bağ sahələri və ictimai yerlər bundan sonra sulanmayacaq, kənd təsərrüfatı müəssisələri isə sudan istifadəni 40 faiz azaltmalıdırlar.
Lakin quraqlıqla təkcə İspaniya qarşılaşmayıb. İtaliya, Fransa və Qərbi Avropanın digər ölkələri artıq ikinci ildir ki, yağış və qar qıtlığından əziyyət çəkirlər. Fransanın ekologiya üzrə dövlət katibi Beranjer Kuyyar xəbərdarlıq edir ki, tədbirlər görülməsə, su böhranı yaxınlaşa bilər.
Fransa, Almaniya və İtaliya təcili şəkildə “su planı” işləyib hazırlayır. Başlıca məqsəd su ehtiyatlarından bərabər istifadədir.
Azərtac