Mingəçevir Dövlət Universitetində (MDU) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində olan Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX) birgə təşkilatçılığı ilə "Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə BMQX və MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər.

 

MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov, BMQX-nin şöbə müdiri Elnur İbrahimov, universitetin mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və fizika və ekologiya kafedrasının müdiri Təranə Yusifova çıxış ediblər. Açılış nitqlərində dövlət siyasətinin prioritetlərindən biri olaraq ölkədə biomüxtəlifliyin qorunmasının aktuallığından və bu istiqamətdə görülən işlərdən bəhs edilib, gənclərin ekoloji maarifləndirilməsinin önəmi vurğulanıb.

 

Sonra  BMQX-nin əməkdaşlarından Günel Höküməliyeva “Ölkəmizin xüsusi mühafizə olunan təbiət əraziləri”, Nigar Yusifova “Ekologiya və Təbii Sərvətlər Nazirliyində bioloji müxtəlifliyin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər” və MDU-nun tələbəsi Lalə Nuruzadə “Biomüxtəlifliyin mühafizə strategiyası” mövzusunda məruzələrini təqdim ediblər. Daha sonra çıxış edən Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev parkın təbiətinin rəngarəngliyi, flora və faunasının zənginliyi, ekoturizm fəaliyyətlərinin təşkili və inkişafı ilə bağlı ətraflı məlumat verib.

 

Maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.