Elm və təhsil naziri keçirdiyi brifinqdə vacib təhsil məsələlərindən danışdı


“Fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 25 faizindən çoxu 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”, “Bu il 35 minə yaxın müəllim sertifikasiya imtahanına cəlb ediləcək”, “Müəlimlərin işə qəbulu imtahanlarına ayrılan vaxt yarım saat da artırılacaq” və s. Bunlar elm və təhsil naziri Emin Əmrullayevin bu həftə keçirdiyi brifinqdə üzərində xüsusi dayandığı başlıca təhsil hadisələridir ki, hər biri müəllimlər üçün taleyüklü məsələdir.

 

Hazırda 4 müəllimdən biri 1000 manatdan yuxarı maaş alır

 

Nazir Emin Əmrullayev əvvəlcə aylıq vəzifə maaşlarına edilən artım qərarının müəllimlərin maaşındakı əksinə nəzər salıb. Məlumat üçün qeyd edək ki, ölkə başçısının qərarı ilə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazir 2014-cü ildən bəri müəllimlərin orta aylıq əməkhaqqının   artım dinamikasına nəzər yetirərək maaşların 267 manatdan 790 manata yüksəldiyini deyib: “Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat, uğur qazananlar 790 manat,  sertifikasiyada iştirak etməyən heyət 760 manat maaş alır. Hər hansı artım olmasa belə, bütün müəllimlər sertifikasiyadan keçəndən sonra onların maaşı 790 manatdan 910 manata yüksələcək”.

 

Hazırda 4 müəllimdən biri 1000 manatdan yuxarı maaş alır və bu, onların dərs yükü və dərs saatına verilən qiymətdən asılı olaraq dəyişir. Son artımdan sonra müəllimlərin  23 faizi  - 29573 nəfər müəllim 8 saat dərs aparır və 500 manata qədər maaş alacaq. Müəllimlərin 23 faizi - 67499-u 18 saat dərs yükünə sahibdir və fevral ayından 500-1000 manat məvacibi olacaq. 26 saat dərsi olanlar müəllimlərin 23 faizini təşkil edir və 29423 belə müəllimə 1000-1500 manat maaş veriləcək. 3103 müəllim 32 saat dərs aparır və 1500-2000 manat əmək haqqı alacaq. Ancaq onlar müəllimlərin cəmi 2 faizini təşkil edirlər. Məktəblərimizdə 216 müəllim 34 saat dərs aparır və bundan sonra bu dərsə görə onlar 2000 manat, hətta daha artıq əməkhaqqı alacaqlar.

 

Bundan sonra ediləcək artımları nəzərə alsaq, 2-3 il sonra, yəni sertifikatlaşdırma prosesi başa çatdıqda  müəllimlərin orta aylıq əməkhaqqı 1000 manatdan yuxarı olacaq.

 

Serifikatlaşdırma bu il İbtidai sinif və Azərbaycan dili və ədəbiyyatı üzrə fənn müəllimlərini əhatə edəcək

 

Ötən il 11133 nəfər sertifikasiya prosesinə cəlb edilib, bu il 35 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb edilməsi nəzərdə tutulur. Bu prosesin sonunda ölkə üzrə bütün ibtidai sinif müəllimləri, o cümlədən V sinifdən tədris edilən Azərbaycan dili və ədəbiyyatı fənni üzrə təhsilverənlər sertifikatlaşdırılacaq. Sertifikasiya prosesi 2024 və 2025-ci illəri də əhatə edəcək. 2026-cı ildə keçiriləcək sertifikasiya imtahanlarında 2025-ci ildə uğur qazana bilməyən müəllimlər iştirak edəcək.

 

Müəllimlərin işə qəbulunda dəyişən və dəyişməyənlər

 

Azərbaycan təhsili üçün çox vacib məqamlardan biri olan müəllimlərin işə qəbulu imtahanlarında planlaşdırılan yenilikdən bəhs edən nazir bunun müəllimlərin və müəllimliyə namizədlərin ən çox israr etdiyi məsələ - imtahan vaxtı ilə bağlı olduğunu bildirib. O, imtahanlarda namizədlərə 30 dəqiqə əlavə vaxt veriləcəyini açıqlayıb: “Ən çox səslənən müraciətləri nəzərə almışıq. Ancaq səmimi desəm, bu tələblər bizə haqlı görünməsə də, bütün fənlər üzrə əlavə 30 dəqiqə vaxt verilməsinə qərar verdik. Ötən il keçirilən imtahanların təhlili göstərdi ki, kimya, fizika, riyaziyyat, informatika fənlərində daha çox zamanın verilməsi bizə daha yaxşı ölçmə imkanı yaradır. Amma digər fənlərdə vaxt amilinin ciddi əhəmiyyət kəsb etdiyini düşünmürük. Hamı üçün eyni şərait yaratmaq üçün digər fənlərdə də imtahan vaxtını 2 saat 30 dəqiqə olaraq müəyyən etdik. Bu da o deməkdir ki, bizim üçün önəmli olan müəllimlərimizin bütün suallara cavab verməsinə şərait yaratmaqdır, nəinki onlara narahatlıq yaratmaq”.

 

İmtahanın digər qaydaları isə, demək olar, dəyişməyib. İmtahanda mümkün olan ən yüksək bal 100-dür. İxtisasa aid suallar 2, metodikaya aid suallar isə 1 bal qiymətləndiriləcək. Qiymətləndirmə zamanı səhv cavablar doğru olanlara mənfi təsir edəcək.

 

Artıq saxta şəhadətnamələrə ehtiyac qalmayacaq

 

Nazir Emin Əmrullayev xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı bir neçə vacib yeniliyə diqqət çəkib: “İndiyədək sadəcə bakalavr və magistr səviyyələri üzrə təhsil alanların diplomlarını tanıyırdıqsa, artıq xaricdə əldə olunan tam orta təhsil və orta ixtisas təhsil alan şəxslərin də kvalifikasiyaları tanınacaq. Çox vacib ikinci məsələ odur ki, müsahibə  mərhələsi ləğv ediləcək. Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən, Gürcüstan, Ukrayna, o cümlədən,  MDB ölkələrində təhsil alan şəxslərə münasibətdə tətbiq edilən tədris dili üzrə bilik səviyyəsini qiymətləndirən müsahibələr artıq yoxdur. Onun əvəzində hüquqşünas, mühəndislik, müəllimlik ixtisasları üzrə təhsilini bitirən şəxslər Dövlət İmtahan Mərkəzində əlavə imtahan verəcəklər. Digər fənlər üzrə şəxslər isə oxuduğu müddət ərzində həmin ölkələrdə olubsa, onlara diplomlar veriləcək. Üstəlik,  elektron imza ilə.  

 

Rus, ingilis, türk dillərində təqdim olunan sənədlərin notarial qaydada tərcüməsinə də daha ehtiyac yoxdur. “Yeni anlayışlar tətbiq etmişik. “Şərti tanınma”, “qismən tanınma” kimi anlayışlardan söhbət gedir. Hesab edirəm ki, yeni qaydaların tətbiqi ilə həm nazirliyin, həm də vətəndaşların vaxtına qənaət olacaq. Şəffaflıq təmin ediləcək və ən önəmlisi, təhsil aldığı ölkənin sərhədlərindən kənarda olan şəxslərin diplomları onlara təqdim edilməyəcək”.

 

Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı da məlumat verərək deyib ki, artıq təqaüd veriləcək proqramlar müvafiq veb səhifədə yerləşdirilib. 15 prioritet ixtisas üzrə  28 ölkənin 186 nüfuzlu ali təhsil müəssisəsində  575 bakalavr və 3551 magistr üçün ümumilikdə 4126 təhsil proqramı əhatə olunacaq.

 

Növbəti tədris ilinin hazırlıqlarını agentliklər həyata keçirəcək

 

Elm və Təhsil Nazirliyinin tabeliyində agentliklərin yaradılması isə may ayına planlaşdırılıb. Nazirin sözlərinə görə, bu sahədə əsas iş geridə qalıb: “Məsələnin hüquqi normativ tərəfləri ilə bağlı müvafiq əsasnamə hazırlanıb və aidiyyəti üzrə göndərilib. Sadəcə “Elm haqqında” və “Təhsil haqqında” qanunlara müvafiq dəyişikliklər edilməlidir. Bu, bir neçə ay çəkəcək. May ayında agentliklərin yaradılması nəzərdə tutulub. Növbəti tədris ilinin hazırlıqlarını yəqin ki, agentliklər həyata keçirəcək”.

 

Ruhiyyə DAŞSALAHLI