Sumqayıt Dövlət Universitetinin “Pedaqogika  və psixologiya” kafedrasının müdiri, dosent, pedaqogika üzrə fəlsəfə  doktoru Aytəkin Məmmədovanın və həmin kafedranın dosenti, pedaqogika  üzrə  fəlsəfə  doktoru Sevinc  Kərimovanın  birgə yazdıqları “Məktəbəqədər yaşlı uşaqların oyunları” adlı dərs vəsaiti SDU-nun redaksiya  və nəşr işləri şöbəsi tərəfindən hazırlanaraq çapdan buraxılıb (Bakı: Avropa, 2018, 202 səh.). 

 

Dərs vəsaitinin elmi  redaktoru pedaqoji  elmlər  doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, rəyçiləri pedaqoji elmlər  doktoru, professor Ləzifə Qasımova və pedaqogika  üzrə  fəlsəfə doktoru,  dosent  Xurşud Məmmədovdur.

 

Bu dəyərli vəsait əsasən  təhsilin bakalavr  və magistr pillələrində  “məktəbəqədər  təhsil  və tərbiyə” ixtisası  üzrə təhsil  alanlar  üçün nəzərdə  tutulsa  da vəsaitdən məktəbəqədər  təhsil müəssisəsinin tərbiyəçi və müəllimləri, məktəbəhazırlıq qruplarında məşğələlər keçən ümumtəhsil məktəblərinin müəllimləri və ümumiyyətlə, uşaqların tərbiyəsi ilə məşğul olan hər  bir şəxs  dəyərli bir  mənbə kimi istifadə edə bilər.

 

Vəsait giriş və  üç fəsildən  ibarətdir. Birinci  fəsil “Məktəbəqədər yaşlı uşaqların oyunlarının məzmunu, məqsədi, vəzifələri və təşkili metodları”, ikinci fəsil “Müxtəlif yaş qruplarında oyunların təşkilinə verilən tələblər”, üçüncü fəsil “Uşaq oyunlarının növləri”  adlanır. Fəsillərin yarımfəsilləri də elmi pedaqoji, metodiki baxımdan yüksək səviyyədə işlənib. Hər fəslin sonunda təhsilalanlar üçün   tapşırıqlar, suallar  və ədəbiyyat  göstəricisi verilib.

 

Vəsaitdə oyunun uşaq  həyatında rolu və əhəmiyyəti kifayət  qədər əsaslandırılıb. Əsərin girişində yazılır:

“Oyunlar uşaqların həm intellektual, həm də fiziki inkişafı üçün çox vacibdir, çünki onların psixikasının inkişafı üçün oyunlara  ehtiyacı vardır. Oyun uşaqların aparıcı sosial tələbatıdır. Uşaqlar isə oynamadıqda əhvali-ruhiyyəsinə təsir  edir, yorğun, əzgin, passiv görünürlər. Az hərəkətdə olduqları üçün tez-tez xəstələnir, intellektual cəhətdən zəif inkişaf edir,  aqressiv olurlar”.

 

Əsərdə  göstərildiyi kimi, oyunlar uşaqların əqli, psixoloji və mənəvi, əxlaqi  inkişafına qüvvətli  təsir  göstərir. Oyun prosesində uşaqların nitqi inkişaf  edir, onlarda  kollektivçilik, yoldaşlıq, dostluq, qarşılıqlı  yardım kimi əxlaqi keyfiyyətlər formalaşır.

 

Vəsait həm elmi nəzəri, həm də praktik əhəmiyyət  daşıyır. Belə ki, vəsaitdə  uşaqların yaş dərəcələrinə uyğun olaraq oyunların geniş təsnifatı verilməklə yanaşı, yaradıcı və qaydalı oyunlar, stolüstü, süjetli, rollu, mütəhərrik oyunlar, habelə  interaktiv oyunlar  haqqında, onların səciyyəvi  xüsusiyyətləri, həyata  keçirilmə metodikası  barəsində dəyərli pedaqoji məlumatlar  verilir. Vəsaitdə oyunun keçirilmə yeri, vaxtı, ssenarisi,  planlaşdırılması, təyinatı, oyunun qaydaları, mərhələləri, oyuna  rəhbərlik, oyunda tərbiyəçi və müəllimlərin mövqeyi də  ətraflı və dəqiq göstərilib. 

 

Vəsaitdə  verilən uşaq  oyunları, onların nəzəri  və praktik əhəmiyyəti  məktəbəqədər  təhsilin kurikulumuna, Dövlət  standartlarına, tərbiyə  və təhsil proqramına əsaslanıb  və elmi  metodiki, pedaqoji ədəbiyyata  istinad  edilib.

 

Vəsaiti məktəbəqədər təhsil  üzrə elmi tədqiqatçılar, məktəbəqədər  təhsil və tərbiyə ixtisası üzrə təhsilalanlar və çalışanlar  üçün xeyli faydalı  və əhəmiyyətli hesab  edirik.

 

Rüfət HÜSEYNZADƏ,

pedaqoji elmlər  doktoru, professor, Əməkdar müəllim