Məktəbəqədər təhsilə dəyərli töhfə | |
Sumqayıt Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının müdiri, dosent, pedaqogika üzrə fəlsəfə doktoru Aytəkin Məmmədovanın və həmin kafedranın dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Kərimovanın birgə yazdıqları “Məktəbəqədər yaşlı uşaqların oyunları” adlı dərs vəsaiti SDU-nun redaksiya və nəşr işləri şöbəsi tərəfindən hazırlanaraq çapdan buraxılıb (Bakı: Avropa, 2018, 202 səh.).
Dərs vəsaitinin elmi redaktoru pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, rəyçiləri pedaqoji elmlər doktoru, professor Ləzifə Qasımova və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Xurşud Məmmədovdur.
Bu dəyərli vəsait əsasən təhsilin bakalavr və magistr pillələrində “məktəbəqədər təhsil və tərbiyə” ixtisası üzrə təhsil alanlar üçün nəzərdə tutulsa da vəsaitdən məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçi və müəllimləri, məktəbəhazırlıq qruplarında məşğələlər keçən ümumtəhsil məktəblərinin müəllimləri və ümumiyyətlə, uşaqların tərbiyəsi ilə məşğul olan hər bir şəxs dəyərli bir mənbə kimi istifadə edə bilər.
Vəsait giriş və üç fəsildən ibarətdir. Birinci fəsil “Məktəbəqədər yaşlı uşaqların oyunlarının məzmunu, məqsədi, vəzifələri və təşkili metodları”, ikinci fəsil “Müxtəlif yaş qruplarında oyunların təşkilinə verilən tələblər”, üçüncü fəsil “Uşaq oyunlarının növləri” adlanır. Fəsillərin yarımfəsilləri də elmi pedaqoji, metodiki baxımdan yüksək səviyyədə işlənib. Hər fəslin sonunda təhsilalanlar üçün tapşırıqlar, suallar və ədəbiyyat göstəricisi verilib.
Vəsaitdə oyunun uşaq həyatında rolu və əhəmiyyəti kifayət qədər əsaslandırılıb. Əsərin girişində yazılır:
Əsərdə göstərildiyi kimi, oyunlar uşaqların əqli, psixoloji və mənəvi, əxlaqi inkişafına qüvvətli təsir göstərir. Oyun prosesində uşaqların nitqi inkişaf edir, onlarda kollektivçilik, yoldaşlıq, dostluq, qarşılıqlı yardım kimi əxlaqi keyfiyyətlər formalaşır.
Vəsait həm elmi nəzəri, həm də praktik əhəmiyyət daşıyır. Belə ki, vəsaitdə uşaqların yaş dərəcələrinə uyğun olaraq oyunların geniş təsnifatı verilməklə yanaşı, yaradıcı və qaydalı oyunlar, stolüstü, süjetli, rollu, mütəhərrik oyunlar, habelə interaktiv oyunlar haqqında, onların səciyyəvi xüsusiyyətləri, həyata keçirilmə metodikası barəsində dəyərli pedaqoji məlumatlar verilir. Vəsaitdə oyunun keçirilmə yeri, vaxtı, ssenarisi, planlaşdırılması, təyinatı, oyunun qaydaları, mərhələləri, oyuna rəhbərlik, oyunda tərbiyəçi və müəllimlərin mövqeyi də ətraflı və dəqiq göstərilib.
Vəsaitdə verilən uşaq oyunları, onların nəzəri və praktik əhəmiyyəti məktəbəqədər təhsilin kurikulumuna, Dövlət standartlarına, tərbiyə və təhsil proqramına əsaslanıb və elmi metodiki, pedaqoji ədəbiyyata istinad edilib.
Vəsaiti məktəbəqədər təhsil üzrə elmi tədqiqatçılar, məktəbəqədər təhsil və tərbiyə ixtisası üzrə təhsilalanlar və çalışanlar üçün xeyli faydalı və əhəmiyyətli hesab edirik.
Rüfət HÜSEYNZADƏ, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim
|
|
28.09.2018 | 14:16 | |
|
|
|