Təqaüd proqramı uğurla icra olunur


Müşkünaz Hüseynli “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təqaüd  alır. Özünün də xəbəri olmadan bu layihəyə qatılıb. Günün birində ona zəng edib deyiblər ki, təqaüdçüdür və hər ay Təhsilin İnkişafı Fondundan 200 manat təqaüd alacaq: “Ailəmin ilkiyəm. Yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşam. Özümü çox şanslı gənclərdən sayıram ki, bu layihədə mənim də adım çəkilir”.

 

Sözügedən layihə çərçivəsində təqaüd alan 25 qızdan, ailəsində isə 3 uşaqdan biridir. Adı bu təqaüdə pul ona hava, su kimi lazım olduğu bir vaxtda salınıb: “Ailəmin yükünü xəfiflətməyə, mənim çox, hər tələbənin öhdəsindən gələ bilməyəcəyi qədər bahalı olan kitablar problemimi çözməkdə yardımçı oldu”.

 

Təqaüd təşəbbüsçülərinə üz tutub deyir ki, onun kimi gənc çoxdur: “Mənim kimi  gənclərin bu şansdan yararlanmağını istəyirəm. Arzu edirəm ki, bu imkandan daha çox gənc, daha uzun müddət yararlana bilsin”.

 

Növbəti mərhələdə proqramın əhatə dairəsi genişləndiriləcək

 

Müşkünaz “Qızların təhsilinə dəstək” mövzusunda dünən keçirilən konfransın iştirakçılarından biri idi. 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə baş tutdu.

 

Elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri, rektorlar, dövlət və özəl sektor, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni təqaüd proqramının təsis edildiyi də açıqlandı. “Hənifə Məlikova - Zərdabi adına gənc qızların təhsilinə dəstək” adlanan bu yeni təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmalarına dəstək olmaqdır.

 

Konfransda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov dövlət, özəl sektorun nümayəndələri, ictimai təşkilatların iştirakı ilə keçirilən konfransın əsas məqsədinin çağırış etmək olduğunu deyib və fikrini əsaslandıraraq bildirib ki, Fondun maliyyələşdirdiyi təşəbbüslərdən olan “Qızların təhsilinə dəstək” layihəsi əvvəlcə kiçik iş kimi başlayıb, sonradan genişləndirilib. “BMT-nin hesablamalarına görə, 130 milyondan çox qız təhsildən kənarda qalıb” - deyən Fond rəhbəri qızların təhsilinə qoyulan hər 1 dolların 80 dollar olaraq geri qayıtdığını vurğulayaraq, cəmiyyəti qızların təhsilinə dəstək verməyə çağırıb.

 

Rəhbərlik etdiyi qurumun fəaliyyətindən və məqsədlərindən danışan E.Nəsibov Fondun ölkəmizdə təhsil sisteminin inkişafına yönələn, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı olan proqram və layihələri dəstəkləyəcəyini, təhsilin və iqtisadiyyatın dirçəlməsinə öz töhfəsini verəcəyini söyləyib: “İlk mərhələdə müxtəlif ali təhsil müəssisələri və ayrı-ayrı ixtisas sahələrində təhsil alan 25 qız təqaüdlə təmin olunub. Növbəti mərhələdə proqramın əhatə dairəsi genişləndiriləcək, sadəcə ali təhsil sahəsində deyil, ali təhsilə hazırlıq məqsədi ilə də mexanizm hazırlanacaq”.

 

E.Nəsibov tədbirə böyük maraq olduğunu və bunun, əslində cəmiyyətdə bu məsələyə nə qədər həssas yanaşıldığının bir göstəricisi olduğunu bildirib.

 

“Təhsilin İnkişafı Fondu ictimaiyyətin təhsil naminə nəsə etməsi üçün bir mexanizmdir”

 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında gənc qızların təhsilinə dəstəyin önəminə diqqət çəkib: “Qadınları təhsilsiz olan cəmiyyətin həm iqtisadiyyatı, həm də sosial-rifah göstəriciləri, adətən, aşağı olur. Yəqin elə bir ölkə tapmaq çətin olar ki, qadınları təhsilsizdir, amma iqtisadiyyatı yuxarı”.

 

Elm və Təhsil Nazirliyinin əsas prioritetlərindən biri təhsilə əlçatanlığı az olan, məsələn, ucqar bölgələrimizdə yaşayan, sosial-iqtisadi durumu aşağı olan icmalardan olan vətəndaşlaımızın dəstəklənməsidir: “İstedadlı, bacarığı ilə seçilən uşaqları aşkarlayıb onlarla işləmək maraqlı və asandır. Amma ucqarlarda yaşayan, hansısa təbii səbəblərdən, ya da ailələrdən asılı olaraq təhsildən uzaq qalan uşaqların dəstəklənməsi təhsil göstəricilərinə daha çox təsir edir”.

 

Təqaüdlərin verilməsinin arxasında yüzlərlə ianəçi durduğunu vurğulayan nazir onlara təşəkkür edib və bu layihə ilə həm də ölkəmizdə ianə mədəniyyətinin formalaşmasının vacibliyinə diqqət çəkib. O, Təhsilin İnkişafı Fondunun yaradılması ilə artıq ölkəmizdə ianəvermə mexanizminin mövcudluğunu sevindirici hal kimi qiymətləndirib. “Fond həm də ictimaiyyətin təhsil üçün nəsə etməsində bir mexanizmdir”, - deyən nazir əmin olduğunu bildirib ki, Fondun fəaliyyəti ilə Azərbaycan təhsilində bir çox problemləri həll edə bilərik.

 

E.Əmrullayev təhsilin maliyyələşdirilməsində bir məqamı xüsusi qeyd edib: “Bir çoxlarına dəstək aşağı yaşlarında lazımdır. Onlar dəstək olmadığından heç oxuya bilmir və ali təhsilə gəlib çatmırlar. Bu halda onların təqaüdə də ehtiyacı qalmır. Elə müdaxilə tədbirlərindən istifadə etməliyik ki, ali təhsil müəssisələrinə qəbul olunan qızların sayı artsın. Özü də, elə qruplardan seçməliyik ki, onları maliyyələşdirməklə əlavə dəyər yaratmaq imkanlarımız böyük olsun. Hesab edirəm ki, aşağı yaşlara fokuslanmaq nəzəri olaraq daha düzdür. Bunu yalnız yuxarı yaşlarda etmək birdən-birə nəyisə dəyişməyə cəhd etmək deməkdir ki, birdən-birə heç nəyi dəyişmək olmur. Təhsildə aşağıdan başlamaq olduqca vacibdir”.

 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova universitetə qəbul olunan, ancaq ailəsinin maddi imkansızlığı üzündən qəbul olunduğu ali təhsil müəssisəsinə gəlməyərək qeydiyyatdan keçməkdən imtina edən gənc qızın mətbuatda yayılan hekayəsi ilə meydana gələn gənc qızların təhsilinə dəstək təşəbbüsünün genişlənməsindən məmnunluq ifadə edib.

 

Tədbirin sonunda gənc qızların təhsilinə dəstək olan qurumlara “Təşəkkürnamə” təqdim edilib.

 

Ruhiyyə DAŞSALAHLI