Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvan Dövlət Universitetində (NDU) olub.
NDU-nun rektoru Elbrus İsayev qonağa Naxçıvandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb və universitet haqqında qonağa məlumat verib. Qeyd edilib ki, ali məktəbdə 11 fakültə, 43 kafedra, magistratura və doktorantura mərkəzi, 2-si elmi-tədqiqat laboratoriyası olmaqla, 36 laboratoriya fəaliyyət göstərir. Ali təhsil ocağında bakalavr təhsil pilləsində 60, magistratura mərhələsində 42, doktorantura pilləsində 10, rezidenturada 15, dissertantura üzrə isə 32 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı həyata keçirilir:”Alimlərimiz beynəlxalq indeksli elmi bazalara çıxışları ilə fərqlənirlər. Məhz bunların nəticəsidir ki, ali təhsil ocağı 2021-ci ildə dünyada 2000 ən yaxşı, 2022-ci ildə isə seçilən 1000 universitet sırasına düşməyi bacarıb”.
E.İsayev diqqətə çatdırıb ki, ali təhsil ocağının beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin xüsusi yeri və rolu vardır. Belə ki, NDU qardaş ölkənin 80 universiteti ilə sıx əməkdaşlığa malikdir. Hazırda Naxçıvan Dövlət Universiteti Türkiyənin bəzi universitetləri ilə əməkdaşlığını genişləndirib, diplomların qarşılıqlı tanınması layihələri barədə razılaşmalar əldə olunub. Vurğulanıb ki, əcnəbi tələbələrin sayına görə Naxçıvan Dövlət Universitetində sayca üstünlüyü türkiyəli tələbələr təşkil edir.
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya isə bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edir, ali təhsil sahəsində də ikitərəfli münasibətlər daha da möhkəmlənir.
Sonda tərəflər əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıblar.